"Gürcüstan Azərbaycan dostluğundan qıcıqlanan qüvvələr var"

17 May 2021 18:13

"Pandemiyanın ən çətin vaxtlarında Gürcüstanın tibbi oksigenə ehtiyacı olduğu vaxt Azərbaycan Tbilisiyə kifayət qədər oksigen balonu göndərdi".

Bunu Milli.Az-a açıqlamasında geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Fərhad Hüseynov deyib.

O bildirib ki, Dmanisidə baş verənlər düşmənlərimizi ancaq sevindirə bilər:

"44 günlük Vətən müharibəsi zamanı da Gürcüstan öz sərhədlərindən Ermənistan ərazisinə hərbi yüklərin daşınmasına icazə verməməklə dəstəyini nümayiş etdirdi. Amma bu sirr deyil ki, Azərbaycan heç vaxt Gürcüstandan yardım əlini əsirgəməyib, dəstək olub. 

Heç kəsə sirr deyil ki, Azərbaycan elektrik enerjisi, təbii qaz baxımından da Gürcüstanın korluq çəkməsinə imkan verməyib, dəstəkləyib. Eyni zamanda Gürcüstan regional layihələrə cəlb olunub, nəqliyyat dəhlizləri inkişaf etdirilib, qaz-neft boru kəmərləri o ərazilərdən çəkilib. Bütün bu layihələr Gürcüstana xeyirdən başqa heçnə gətirməyib. Ona görə, Azərbaycanın Gürcüstan üçün rolu çox böyükdür, Azərbaycan Gürcüstana çox böyük xeyir verir. 

Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşllıq platforması var. Bu üçtərəfli əməkdaşlıq həm hərbi sahədə baş verir. Və hesab edirəm ki, bu əməkdaşlığın inkişafında elə ən çox Gürcüstan maraqlıdır. Çünkü Azərbaycanla Türkiyə arasında 2010-cu ildən ikitərəfli hərbi yardım haqqında müqavilə var, Azərbaycan Türkiyə ilə müttəfiqdir. 

Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla gürcülər arasında baş verən məişət səviyyəli insident siyasi müstəviyə gəlib çıxmamalıdır. Çünkü bizim dostluğumuzdan qıcıqlanan, bu dostluğa qarşı olan qüvvələr var. Onlar həmişə istəyirlər ki, bu cür məsələləri şişirtsin, hansısa bir siyasi səviyyəyə gətirib çıxartsın. Biz elə bir coğrafi məkanda yerləşmirik ki, ya heç kim yoxdur, ya da hərkəs dostdur. Bizim rəqiblərimiz var, düşmənimiz var. Bu düşmən də indiyənə qədər də başa düşmür ki, yeni situasiya yaranıb, Azərbaycanla əməkdaşlıq etsə özünə xeyir olacaqdır. Ona görə də ola bilər ki, bu insidentdə düşmənlərin də bir rolu var. Düzdür, fərziyədir, amma aydındır ki, bu cür hallar düşmənin xoşuna gəlir və bu cür hadisələri xeyirinə istifadə edə bilər. 

Bu insidentdə qarşı tərəfdən iştirak edənlər unutmasınlar ki, Azərbaycan pandemiyanın çətin məqamlarında Gürcüstanı xəstəlikdə qurtarmaq üçün ilk yardım əlini uzadan ölkə oldu. Güman edirəm ki, bu məişət səviyyəsində olan insident bununla da bitəcəkdir". 

Təhməz Əsədov
Milli.Az