Şuşa dünyanın ən gözəl şəhərlərindən biri olacaq

18 May 2021 00:27

"30 il fasilədən sonra Şuşaya qovuşduq. Bizim Şuşa üçün darıxdığımız aydın məsələdir, amma Şuşa da bizim üçün darıxıb".

Bunu Milli.Az-a açıqlamasında Xalq artisti, professor Siyavuş Kərimi deyib.

O bildirib ki, "Xarıbülbül" festivalı zamanı Şuşaya gedən hərkəsin simasına böyük sevinc var idi:

"Şuşa bizim çox darıxmışdı. İllər sonra ilk dəfə oraya ayaq basdığımızda o, bizi necə qarşılaya bilərdi?! Şuşaya qayıdışımız həm Ramazan bayramına düşdü, həm də təbiətin ən gözəl vaxtına təsadüf etdi. Elə bil torpaq sevinirdi ki, biz gəlmişik, torpaq sevinirdi ki, orada yenidən muğam səslənir, atəşfəşanlıq olur, düşmənin bağrı çatlayır. Şuşa bunların hamısına sevinirdi. Və biz də bunu his edirdik, görürdük və biz də sevinirdik.

Şuşada köz olmağa da hazır idik

Təsəvvür edin ki, orada olan hər bir kəsin simasında təbəssüm var idi, hamı sevinirdi. Gülmək naminə yox, daxilən sevinirdilər. Çünkü öz torpağımızda gəzirdik, öz torpağımızda idik, öz Şuşamızdaydıq. Festival zamanı Cıdır düzündə günün altında 2 saat oturmuduq. Hammı günün istisindən yanmış vəziyyətdə Bakıya qayıtdı. Amma bunlar hamısı bizə o qədər zövq verdi ki, köz olmağa da hazır idik, amma Şuşamızda olaq. Çox böyük bir bayram idi.

O qayaları ilan çıxa bilməzdi, bizim əsgərlər çıxdı

Allah bizim rəşadətli Ordumuzun, Ali Baş Komandanın ömrünü uzun eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Mən baxdım gördüm, bizi əsgərlərimiz hansı qayalarla Şuşaya çıxaraq onu düşməndən azad ediblər. O qayaları ilan çıxa bilməz, bizim əsgərlər çıxdı və düşməni məhv etdilər. Bizim sevincimizin həddi-hüdudu yox idi.

Düzdür, Şuşa dirçələcək. Erməni vandalları bizim Şuşadakı tarixi, mədəni abidələrimizi məhv ediblər, amma yenidən düzələcək. Prezidentin dediyi kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Hamı bu dəqiqə can atır ki, getsin Şuşaya. Görün, Şuşaya nə qədər böyük maqnetizm, nə qədər böyük məhəbbət var ki, hamı doğma Şuşasına tələsir. Şuşa Azərbaycanın incisidir. Şuşasız Qarabağ yoxdur, Qarabağsız da Azərbaycan!".

Təhməz Əsədov
Milli.Az