Düşməndən qurtulan torpaqlar - Hər ev bir minadır - REPORTAJ - FOTOlar

16 May 2021 16:51

Qərb və Rusiya mediası işğaldan azad olunan Azərbaycan torpaqlarındakı mövcud durum, erməni vandalizminə məruz qalan torpaqlarımızla bağlı çoxsaylı materialların dərcini davam etdirməkdədir. İnsafən, həmin materialların əksəriyyəti obyektivliyi və həqiqəti əks etdirir. Bu dəfə Rusiyanın nüfuzlu "RİA Novosti" agentliyi işğaldan azad edilən Füzulidən reportaj təqdim edib. Müəllif bütün reportaj boyu gördüklərindən heyrətini gizlədə bilmir. Yazır ki, 10 km-lərlə yol qət etsələr də, qarşılarına bir tikili belə çıxmayıb. Hər yer dağılmış və məhv edilmiş haldadır.

"Füzuli ruhlar şəhəri"

"Füzuli ruhlar şəhəri" deyə müəllif onları müşahidə edən politoloq Nicat Hacıyevə istinadən qeydlərini aparıb. Onun sözlərinə görə, azərbaycanlı hərbçilər şəhəri azad edən zaman bayraq asmaq üçün bir salamat bina belə tapa bilməyiblər. Sonda onu hərbi hissənin üstündən asa biliblər. Hara baxırsan gözünə "ehtiyatlı olun mina" elanları asılıb. Artıq indiyə qədər 20-ə yaxın mülki şəxsin mina qurbanı olduğu, eləcə də, rus sülhməramlılar arasında da iktilər olduğu vurğulanır. "Erməni tərəfi bizə minalanmış ərazilərin xəritəsini təqdim etməyib. Bu zarafat deyil, ayağını kənara atsan və... ", - deyə hərbçi rus jurnalisti xəbərdar edib. Müəllif gördüyü minaaxtaranları nəzərdə tutaraq bu ərazilərin Çernobılı xatırlatdığını da deyib. Müəllif Füzulinin mərkəzində gördüklərindən dəhşətə gəlib. "Heç bir şəhər yoxdur. "Burada hər yer minalanıb" bu tip elanlardan ibarətdir". Daha sonra rus jurnalist azərbaycanlıların Şuşaya çəkdikləri Qələbə yolundan, yeni aeroport tikintisindən bəhs edib.

"Biz Füzuliyə birdəfəlik və həmişəlik dönəcəyik"

Müəllif erməni vandalizmi nəticəsində şəhərdən yalnız xatirələrin qaldığını xüsusi vurğulayır. "Burada ancaq mina sahələri qalıb". "Bütün mənim həyatım ancaq iztirablardır" deyə müəllif vaxtilə bu şəhərdə yaşayan Sevinc adlı xanımın xatirələrini qeyd edib. 30 il bundan əvvəl bu yerləri tərk etməyə məcbur olan xanım bildirir ki, uşaq vaxtı ən yaxın rəfiqəsi erməni qızı olub. Xanım evlərini tərk edən zaman özləri ilə heç bir əşya götürə bilmədiklərini xüsusi qeyd edir. Bakıda məskunlaşdıqları müvəqqəti evlərdə çəkdikləri əziyyətləri də jurnalistə söyləyib. "Televizorda ATƏT Minsk Qrupunun iclaslarını göstərirdilər. Siyasətçilər vəd edirdilər. Biz də inanırdıq. Heç kim təsəvvür də etməzdi ki, 30 il gözləməli olacağıq. Bütün bunlara baxmayaraq biz Füzuliyə birdəfəlik və həmişəlik dönəcəyik" - deyə müəllif azərbaycanlı xanımın sözlərini reportajının sonunda xüsusi vurğulayıb.

Azər NURİYEV
Milli.Az