Çempionluq Kuboku və medallar "Dalğa Arena"da veriləcək FOTO

15 May 2021 19:37

Futbol üzrə Azərbaycan Premyer Liqası qaliblərinin mükafatlandırma mərasimi mayın 19-da Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək.

Bu barədə Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. Onun sözlərinə görə, tədbir "Neftçi" və "Qarabağ" arasındakı 28-ci tur matçının ardından təşkil olunacaq.

Bu oyunun yekununda çempion və vitse-çempion müəyyənləşəcək."Qarabağ" uduzmasa, ardıcıl 8-ci dəfə qızıl medalları qazanacaq, əks halda, "Neftçi" 8 ildən sonra fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq. Qızıl medalçılara həm də çempionluq kuboku veriləcək.

3-cü yerin sahibinin adına isə daha tez - "Səbail" - "Sumqayıt" və "Sabah" - "Zirə" oyunlarının ardından aydınlıq gələcək. "Zirə" xal itirməsə, 3-cü yeri tutacaq, əks halda, "Sumqayıt" yalnız qələbə sayəsində tarixində ilk dəfə mövsümü ilk "3-lük"də bitirəcək.

Bu iki görüşün ardından müəyyənləşəcək 3-cü yerin sahibi "Dalğa Arena"ya yollanacaq və mükafatlandırma mərasimində bürünc medallarını alacaq.

PFL rəsmisi mükafatlandırma ilə bağlı digər məsələlərə mayın 16-da keçirəcəkləri iclasda aydınlıq gələcəyini də əlavə edib.

Qeyd edək ki, "Sabah" - "Zirə" və "Səbail" - "Sumqayıt" matçları saat 18:00-da, "Neftçi" - "Qarabağ" qarşılaşması isə saat 20:30-da başlanacaq. Hazırda "Qarabağ"ın 57, "Neftçi"nin 56, "Zirə"nin 38, "Sumqayıt"ın 36 xalı var.

Ötən mövsüm pandemiya ilə əlaqədar yarımçıq dayandırıldığından, qaliblər ayrı-ayrılıqda mükafatlandırılmışdılar.

Milli.Az