Rusiyada sürətli qəbir qazma yarışı keçirilib

14 May 2021 19:07

Rusiyanın Novosibirsk şəhərinin krematoriyinin yaxınlığında sürətli məzar qazma yarışı təşkil olunub. Yarış "Nekropol - Sibir 2021" sərgisi çərçivəsində keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, yarışın qalibi tapşırığı 38 dəqiqəyə yerinə yetirən Omsk komandası olub. Yarışda Tomsk və Novosibirsk vilayətləri, həmçinin Altay diyarının iki qazıcıdan ibarət komandaları da iştirak edib. Tapşırığı yerinə yetirmək üçün iştirakçılar 200 sm uzunluğunda, 80 sm enində və 160 sm dərinliyində bir məzar qazmalı idilər. Yarışa qatılan iki komanda lazımi ölçülər riayət edə bilməyib.

Təşkilatçılar sürət və ölçü ilə yanaşı, işin texnikasını və dəqiqliyini də nəzərə alıblar. Ölçmə üçün tabutdan istifadə edilib. Yarışın əsasnaməsinə görə, müsabiqənin məqsədi peşənin nüfuzunu və iş səviyyəsini yüksəltmək, həmçinin gənc nəslin dəfn xidməti işçisi peşəsinə diqqətini cəlb etməkdir.

Milli.Az