Ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan misralar: 5 seçmə şeir

15 May 2021 16:00

Milli.Az Kulis.az-a istinadən Xalq şairi Musa Yaqubun Azərbaycan ədəbiyyatına inci kimi daxil olan eirlərindən bir neçəsini təqdim edir.

Dağlar çox qəribə olur gecələr

Nədir, üfüqlərə qar düşüb elə,
Bir cuna göylərdən asılıb qalıb.
Girib ünsiyyətə qaranlıq ilə,
Dərələr ucalıb, zirvə alçalıb.
Kahalar ətrafa qaranlıq ələr,
Dağlar çox qəribə olur gecələr.

Bircə qarışlıqda zülməti qırıb,
Bir şırım qar tutub qar yarğanını,
Sanki çadrasını ildırım cırıb,
Pambığı çıxıbdı daş yorğanının.
Çaylar qaranlıqda - bəyaz küçələr,
Dağlar çox qəribə olur gecələr.

Bütün üfüq boyu qara bir nəhəng
Uzanıb yer adlı çarpayısına.
Qorxuram yuxudan ayıla hövlak,
Göydə tufan qopa, çarpayı sına.
Bəlkə də yuxusu fələkdən gələr,
Dağlar çox qəribə olur gecələr.

Nə aydan, nə ildən hesab götürməz,
Min belə yatışla vaxtı ötürməz.
Göyün soltanlığı, yerin xanlığı,
Dünyanın ən böyük arxayınlığı,
Ömrün sonsuzluğu yatır elə bil.
Deyirəm belə bir daş yuxuluya
Bəlkə çay laylası heç gərək deyil.

Bir şirin röyadır başdan-ayağa,
Ən uzun sükutdur enib torpağa,
Ən dərin yuxudur, dərindən dərin,
Torpağın ən nəhəng kölgəsi yatır.
Vəhşi qartalların, dağkəlilərin
Qayalı - qapçaqlı ölkəsi yatır.

Ayılmaz, min dəfə harayla, hayla,
Lap belə üstündən top-tüfənglə keç,
Yəni bu səhərin ayılmasıyla
Bu nəhəng uyğudan ayılarmı heç?!
Bir şirin yağışdan gəlib həvəsə,
İstərəm mən də bir dincəlim yatam.
Bu böyük yuxunun önündə nəsə
Kiçik yuxusundan utanır adam.
Yəqin ki, nəhənglər belə dincələr,
Bəlkə də ucalıq belə dincələr...
Dağlar çox qəribə olur gecələr!

Qoşma

Qapında əyilib suala döndüm,
Səndən alacağım cavaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.

Üzüb hər ümiddən əlimi sənsiz,
Dünyanın gedimi, gəlimi sənsiz,
Daha istəmirəm könlümü sənsiz,
Baxıb biganələr xaraba görə.

Düşməzmi güzarım bir dost bağına,
Sevda çiçəklərim düşüb qırğına,
Yamanca tuş oldum el qınağına,
Təsəlli tapdığım şəraba görə.

Elə bil ürəklər daşdı, dəmirdi,
Bir üzü ağ küldü, biri kömürdü,
İlahi, bu necə yalqız ömürdü,
Qoymaram bu ömrü hesaba girə.

Öz eşqim yolunda sadiq canam mən,
Heyf oldum, həm yanan, həm yamanam mən,
Bəlkə də, birinci müsəlmanam mən,
Cəhənnəm çəkirəm savaba görə...
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.

Bir günah sənindir, bir günah mənim

Bir gözünü mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?
Sən çeşmə qurudan, mən ağac kəsən,
Bir günah sənindir, bir günah mənim.

Bu südə su qatıb hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq,
O mətah sənindir, bu mətah mənim.

Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.

Görürük bu silah vurmur hədəfə,
Vurmur, ha atırıq mininci dəfə.
Əlimiz dolaşıb düşüb kələfə,
Bir əl gah sənindir, bir əl gah mənim.

Qoyma yalanımız qalxsın ayağa,
Hay deyirik, haya gəlmirik, qağa.
Sözü güləşdirib əhdi danmağa,
Bir vallah sənindir, bir vallah mənim.

Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda,
Bir silah sənindir, bir silah mənim.

Ömür təsəllidi, ümid sabahdı,
İndi öz xeyrinə çoxu agahdı.
Hərə dolanışa bir cür nikahdı,
Bir nikah sənindir, bir nikah mənim.

Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim...

Taleyin qisməti

Taleyin qisməti rast saldı bizi.
Yolumuz haradasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Gəl məni, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.
Əlimi saçıma öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə,

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala atasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir, axı
Öyrətmə özünə, öyrətmə məni.

Yox buna taqətim, yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım...
Yoxsa da, könlümün sınıqları var-
Hicranın köz basmış yanıqları var
Mənim dərdlərimin ayaqları var-
Harda olsa, gəlib tapacaq məni.
Yaxıb yandıracaq bu ocaq səni
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə...

Bu dünyanın qara daşı göyərməz

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə o ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi...
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır yağışa.
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.

Milli.Az