Beyində hansısa musiqinin davamlı təkrarlanmasının səbəbi

13 May 2021 22:35

Beyində təkrarlanan musiqi haqqında ilk dəfə 20-ci əsrdə alman bəstəkarı Paul Linki danışıb. Araşdırmalar göstərir ki, insanların 98%-i həyatında ən azı bir dəfə başlarından çıxara bilmədikləri təkrarlanan melodiya və ya mahnı ilə qarşılaşır. Belə bir nəticəyə ABŞ-ın Sinsinati Universitetinin psixoluqu Ceyms Kellaris gəlib. Tədqiqatda 599 tələbə iştirak edib. Bu bir saat, iki, bəzən də demək olar ki, gecə-gündüz davam edə bilər. Bu istənilən mahnı, musiqi, konsert parçası ola bilər və bizi işdən yayındıra və ya yuxuya getməyə imkan verməyərək, təkrarlana bilər. Mütəxəssislər buna "qulaq qurdu" adı verib.

Ceyms Kellarisin sözlərinə görə, bu daha çox musiqiçilərdə və kompulsiya (insanı təkrar-təkrar etməyə məcbur edən fikir və ya davranışlar) meyilli olan insanlarda baş verir. Beyində təkralanan musiqilər 15-30 saniyə, bir neçə saat və ya günlərlə davam edə bilər. Psixoloqlar musiqilərin insan beynində kodlaşa biləcəyini deyir. Musiqi müxtəlif emosional həyacanlanma halları ilə əlaqəli ola bilər, onlar isə beyin tərəfində yadda saxlanılır. Bu texnikanın reklam agentlikləri tərəfindən uğurla istifadə edildiyi, istədikləri mesajları çatdırmaq üçün reklamlara sadə melodiyalar əlavə etdiyi çoxdan məlumdur.

Sorğuda iştirak edənlərdən birinin dediyi kimi, imtahanlara hazırlaşdığı dövrdə gərginlik keçirdiyi zaman, qeyri-iradəvi olaraq bir mahnı dinləmişdi. Bu mahnını müəyyən vaxt keçdikdən sonra bir daha eşidəndə, keçirdiyi gərginliyi yenidən yaşayırdı. Mütəxəssislər, 2015-ci ildə keçridikləri tədqiqatlara əsasən, çıxış yolu olaraq bu vəziyyətdə saqqız çeynəməyi tövsiyə edir. Həkim Filip Bimanın dediyinə əsasən, mətnli musiqilər daha çox beyində təkrarlana bilir. Bunun qarşısını almaq üçün saqqız çeynəmək kömək edə bilər. Daha bir təsirli üsul kimi, beyni riyazi tapşırıqlarla məşğul etməyin faydalı olması da deyilir.

Milli.Az