Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

13 May 2021 22:20

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli böyümənin və inkişafın 3 səbəbi var. Oyunlar üçün nəzərdə tutulmuş cihazların artımı, keyfiyyətli oyunların daha çox çıxması və koronavirus pandemiyası. Koronavirus pandemiyası nəticəsində insanların çoxu evə qapanma məcburiyyətində qalıb və bu səbəbdən də onlar qapalı məkanda yeni hobbilər axtarışındadırlar. Playstation 5-ə olan yüksək tələbat onu göstərib ki, oyun konsollarını əldə etmək insanların sayı getdikcə artır. Ehtimal var ki, oyun konsollarına artan bu cür böyük maraqdan Apple şirkəti də özünə pay götürsün. Belə ki, ortaya çıxmış məlumata əsasən Apple şirkəti portativ oyun konsolu üzərində çalışır.

Bu barədə Wccftech saytı xəbər verib. Məlumatda qeyd olunub ki, Apple şirkətinin portativ oyun konsolu Nintendo Switch-ə bənzəyəcək. Texniki özəlliklər baxımından oyun konsolunun yüksək performanslı qrafik çipə sahib yeni nəsil prosessor ilə təchiz olunacağı gözlənilir. Bundan əlavə olaraq oyun konsolu effektiv soyutma sistemini və Ray Tracing texnologiyasını əldə edə bilər. Heç istisna deyil ki, şirkət laboratoriyalarında oyun konsolunun bir neçə prototipi üzərində işlər gedir. Nəticədə şirkətin bu cür cihazı satışa çıxarıb-çıxarmayacağı və çıxaracağı təqdirdə bunun nə zaman baş verəcəyi barəsində məlumat verilməyib. Heç istisna deyil ki, nəticədə şirkət ümumiyyətlə oyun konsolunun istehsalı ideyasından imtina etsin.

Milli.Az