Sükan arxasında stressdən azad olmağın yolları – QADINLAR ÜÇÜN 9 MƏSLƏHƏT

13 May 2021 20:55

Bu gün sükan arxasında əyləşən qadınların sayının getdikcə artdığı hamıya məlumdur. Onların sükan arxasındakı özünə inamına və professionallığına söz yoxdur. Lakin sükanı idarə edən zaman zərif cinsin nümayəndəsi narahat olurmu? Təhlükənin ola bilmə ehtimalı zamanı özünü necə hiss edir və ya təhlükədən qaça bildiyi zaman nələr yaşayır? 

Statistik araşdırmalar nəticəsində məlum olub ki, avtomobil və yol hərəkəti qaydalarının düzgün dərk edilməsində və qəza riskindən xətasız-bəlasız xilas olmaqda qadınlar kişilərə nisbətən 40% zəifdir. Odur ki, sürücülük məktəbinin müəllimi Ziya Abdullayev bizə bu haqda bir neçə məsləhət verib. 

1.    Əmin olun ki, maşın qaydasındadır.

Milli.Az ted.az-a istinadən bildirir ki, avtomobili sürməzdən əvvəl əmin olmaq lazımdır ki, o qaydasındadır. Yanacaq gedəcəyiniz yerə bəs edəcək? Yolüstü harada yanacaq doldura bilərsiniz? Sonuncu dəfə yağın və suyun səviyyəsini nə vaxt yoxlamısınız? Maşın həmişəki kimi işə salınır, yoxsa yad səslər eşidirsiniz? Təkərlər qaydasındadır? Yola çıxmamışdan qabaq iki dəqiqənizi sərf edib avtomobili yoxlanışdan keçirtsəniz, yolda bir neçə saatlıq ləngimədən qaça bilərsiniz.

2.    Marşrutu planlaşdırın.

Əgər sizin marşrutunuz tanımadığınız istiqamət üzrədirsə, onda xəritəni yaxşı öyrənin və yolu yadda saxlamağa çalışın. Qabaqcadan daha təcrübəli sürücülərdən yolu soruşmağa utanmayın.  Salonlarda marşrutu planlaşdırmağa kömək edən kompüter naviqatorlu avtomobil sifariş etmək olar. Eyni naviqatorlar ayrı da satılır - bu halda siz salonda onu müstəqil bərkidə bilərsiniz.

3.    Komforta fikir verin.

Əgər sükan arxasında yeriniz rahatdırsa, idarə zamanı heç nə fikrinizi yayındıra bilməz. Kreslonu və arxa görünüş güzgülərini elə nizama salın ki, komfort maksimum dərəcədə təmin olsun. Kondisioneri optimal temperaturda saxlayın. Mobil telefonu "Hands-free" qurğusuna qoşun - qəzaların yüksək faizi sürücülərin bir əlində telefonu saxlayaraq sükanı idarə etməsi ucbatından baş verir. Amma hətta hands-free-lə mobil telefon danışıqlarını minumuma yaxınlaşdırmaq lazımdır ki, diqqət yayınmasın.

4.    Qabaqcadan yola çıxın
 

Əgər vaxtınız varsa, yola bir az tez çıxın. Belə halda siz kifayət qədər rahat və xoşagəlməz hadisələrdən uzaq olacaqsınız. Gecikdiyiniz zaman əsəbiləşirsiniz və tez-tez yol hadisələrinə gətirib çıxara bilən təhlükəli manevrlər edirsiniz. Getdiyiniz yol 2-3 saatlıqdırsa, yolda dayanmaq, su içmək və istirahət etmək lazımdır.

5.    Yol hərəkəti qaydalarına riayət etməli

Bəzən yol nişanları sürücülər üçün heç bir əhəmiyyət daşımır və lazımsız olur. Yol hərəkəti qaydalarında qaydalar və sürət məhdudiyyətləri aydın formada verilir. Ona riayət etməklə siz öz şəxsi təhlükəsizliyinizin qayğısına qalmış olursunuz. Kəskin manevrlərdən çəkinin: əgər  bir sıradan digərinə keçmək istəyirsinizsə və yaxınlıqda olan avtomobili görməmisinizsə, düzgün hərəkət zamanı hər iki sürücünün toqquşmadan qaçmaq imkanı olur.

6.    Diqqətli olun

Yolda dolaşıq gedən, gah sağa, gah da sol keçən avtomobillərdən ehtiyatlı olun. Belə avtomobildə sükan arxasında sərxoş, təcrübəsiz, yaşlı biri ola bilər. Yaxud da avtomobilin texniki vəziyyəti nasazdır. İmkan daxilində yük maşınlarına, avtobuslara yaxınlaşmayın. Bu nəqliyyat vasitələrində icmal minik avtomobillərindən daha pis vəziyyətdə ola bilər və ya yerini dəyişən zaman sürücü sizi görməyə bilər. Yük maşınının ardınca gedirsinizsə, 20-30 metrlik məsafə saxlayın. Yük maşınlarının arxa təkərlərinin arasında balaca daşlar qalır və bunlar hərəkət zamanı sizin maşınınızın üstünə gələ bilər. Zibil daşıyan yük maşınlarındakı böyük predmetlər (vedrələr, bellər, quraşdırmalar və s.) maşınınız və sağlamlığınız üçün təhlükə yarada bilər.

7.    Zolaqlar üzrə  hərəkətə riayət edin.

Öz zolağınız üzrə ciddi hərəkət edin: yol-nəqliyyat hadisəsi zamanı günahsızlığınızı sübut etmək daha asan olacaq. Hətta belə hərəkət zamanı qəzanın başvermə faizi də aşağıdır. Həm də zolaqda mərkəzdən bir az daha solda dayanmaq daha yaxşıdır. Sol hissəni siz daha yaxşı görürsünüz və nəzarət etməyiniz daha asan olur.

8.    Avtomobil sürərkən uşaqlarınıza ciddi qanun tətbiq etməlisiniz:

Həyati vacib məsələlərdə ancaq anasının diqqətini özünə cəlb edə bilər. Digər sualları isə sonraya saxlamaq olar, məsələn, işıqforda soruşa bilər. Uşaqlar özləri ilə oyuncaqlarını, kitablarını, qulaqcıqlı pleyerlərini və elektron oyunlarını götürə bilərlər ki, darıxmasınlar.

9.    Ən əsası əsəbiləşməyin. 

Şəhərin yolları - bu böyük, arası kəsilməyən stresdir və sizin işiniz ona tabe olmamaqdır. Əgər yolda hansısa bir vəziyyət sizi özünüzdən çıxardırsa, dayanın, sakitləşin və yalnız bundan sonra yola davam edin.

Çalışın sükan arxasında stress və narahatlıq yaşamayın! Yollarınızda uğurlar.

Milli.Az