Ermənistanın taleyi Bakıdakı qərardan asıldır

11 May 2021 19:26

 Azərbyacan regionda yeni reallıq yaratdı, 44 günlük Vətən müharibəsi ilə 30 illik işğala son qoydu və Dağlıq Qarabağ münaqişəsini tarixin arxivinə yolladı. Lakin bəzi beynəxlaq güclərin və dövlətlərin bu reallıqla barışmaq istəmədiklərini, məsələnin təkrar gündəmə qayıtmasına və regionda sabitliyi pozmağa çalışdıqlarının şahidi oluruq.

Naxçıvan səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev Ermənistanın dəyirmanına su tökən bəlli dairələrin təxribat siyasətlərinə cavab olaraq bir neçə nüansa diqqət çəkdi. Dövlət başçısı bildirdi ki, kimsə hesab edirsə ki, Dağlıq Qarabağ problemi həll olunmayıb, bu, onun öz problemidir.

Dövlət başçısı Ermənistanda müəyyən qüvvələrin havadarlarının dəstəyindən ruhlanıb revanşist bəyanatlar verməyi dayandırmağı məsləhət görüb. Azərbaycan Prezidenti əks təqdirdə Dəmir yumruğun öz aktuallığını bərpa edəcəyini növbəti dəfə bəyan edib. O, bildirib ki, revanşist fikirlərlə yaşamağa davam etmək Ermənistan üçün özünəqəsddir. Dövlət başçısı Ermənistanın növbəti ərazi iddialarına Azərbaycanın hələ ki, təmkin göstərdiyini desə də, qarşı tərəfin artıq odla oynadığının da xəbərdarlığını edib: "Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik".

Azərbaycan BMT TŞ-nın məlum dörd qətnaməsi və BMT Nizamnaməsi əsasında beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünü öz gücü ilə bərpa edib. Üçtərəfli bəyanatı ətrafında spekulyasiyalara əlatan ermənipərəst qüvvələr artıq anlamalıdırlar ki, bu razılaşma Ermənistanın təslim haqqı olmaqla yanaşı həm də onun məğlubiyyətinin hüquqi əsaslandırmasın təmin edən sülh sazişidir.

Prezident İlham Əliyev Kanadanın və Fransanın Azərbaycanın daxili işlərinə qarışdığını bildirərək hər iki ölkənin siyasətini sərt tənqid etdi. Hər kəsə məlumdur ki, Azərbaycanın Kanada ilə sıx əlaqələri yoxdur, ancaq Azərbaycanın Fransa ilə sıx əlaqələri var idi. O zamana kimi ki, Emmanuel Makron Fransa prezidenti seçildikdən sonra açıq şəkildə Ermənistanı müdafiə etdi. Başqa sözlə Makrona qədər Fransa-Azərbaycan münasibətlərində gərginlik yox idi. Makronun yanlış siyasəti nəticəsində iki ölkə arasında münasibətlər faktiki olaraq pozulub. Fransa Minsk Qrupunun üç həmsədrindən biri kimi üzərinə düşən öhdəliyi icra etməmklə beynəlxalq konvensiyalara, ədalətlilik prinsiplərinə, eləcə də Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətziliyini açıq bəyan etməkdən çəkinmədi. Azərbaycan Prezidenti də Naxçıvan səfəri zamanı bir daha Ermənistanın halına acıyan, təəssübkeşliyini çəkənlərə uzun müddət unutmayacaqları məsləhəti verib. Dövlət başçısı dünyanın o başında yerləşən ölkələri Azərbaycanda gedən proseslərlə bağlı bəyanatlar verməsini qəbuledilməz adlandırıb: "Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun. Mən Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirəm".

Prezident müsahibə zamanı ermənipərəst qüvvələri 10 noyabr bəyanatını atəşkəs sazişi kimi qiymətləndirdikləri üçün də sərt tənqid edib. Atəşkəs bəyanatında cəmi bir bəndin olduğunu xatırladan dövlət başçısı üçtərəfli bəyanatda bir neçə bəndin olduğunu görmək üçün gözlərini açıb yaxşı baxmaqların istəyib. Prezident İlham Əliyev məntiqi sual da səsləndirib:  "Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər?".

ATƏT-in Minsk Qrupunun qeyri-adekvat açıqlamaları, danışıqların davam etdirilməsinə dair çağırışlardan Ermənistan dərhal fürsət bilib, istifadə edir və yeni iddialar irəli sürür ki, bu da  on noyabr bəyanatının icrası prosesini ləngitmək, rəsmi İrəvana vaxt qazandırmaq üçün verilən imkandan başqa bir deyil. Lakin Preizdent son müsahibəsi ilə bir daha göstərdi ki, rəsmi Bakı bunun bir oyun olduğunu yaxşı bildiyi üçün nə Ermənistana güzəşt etmək fikrindədir, nə də onun havadarlarının boşboğazlıqlarına gözyumacaq.
 
Təhməz Əsədov
Milli.Az