Nazir müavini: “Bakıda bağçalara cəlb olunan uşaqların sayı artıb”
29 Aprel 2010 12:30
Milli.Az portalı xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının internet saytına təhsil nazirinin müavini İsgəndər İsgəndərov bildirib. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərində bağçalara cəlb olunan uşaqların sayı 6 min nəfər artıb, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötüb. Nazir müavini deyib ki, müstəqillik tariximizdə ilk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 137 adda təlim vəsaitləri hazırlanıb müəssisələrə çatdırılıb.
İsgəndər İsgəndərovun sözlərinə görə, son 20 ildə heç bir məktəbəqədər təhsil müəssisəsi tikilmədiyi halda, son 2 ildə ilk dəfə olaraq ölkə üzrə 28 yeni uşaq bağçası tikilib istifadəyə verilib.
Onun dediyinə görə, son illərdə Azərbaycanda 450 min şagird yerlik 2000-dək yeni məktəb binası tikilərək istifadəyə verilib: "Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olub, Fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilib; əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib; 450-dən çox məktəb əsaslı təmir edilib, müasir avadanlıqlarla təchiz olunub, 708 məktəb və 10 rayon təhsil şöbəsi müasir avadanlıqlarla təchiz edilib".
Nazir müavini deyib ki, ümumilikdə infrastrukturun yeniləşdirilməsi nəticəsində ölkə üzrə 1 milyon 50 min şagirdin (bütün şagirdlərin 75 faizi) təlim şəraiti yaxşılaşdırılıb.
Onun sözlərinə görə, məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində son 10 ildə ikinövbəli məktəblərin faizi 73,3-dən 44,5-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34%-dən 21%-ə enib.
Milli.Az