Ermənistan İstintaq Komitəsi baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın arvadı Anna Akopyanın Qarabağda 44 günlük müharibə zamanı komanda məntəqəsinə getməsini araşdırır.
Milli.Az ermənilərə məxsus fakt.info-ya istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi erməni mətbuatının göndərdiyi sorğuya cavabında bildirib. Komitə istintaqın gizliliyini əsas gətirərək, bu məsələlər barədə əlavə məlumat verilməyəcəyini qeyd edib. "Komitə bu məsələnin araşdırma predmeti olduğunu inkar etməyib, sadəcə, ictimaiyyətə məlumat verilməsini məqsədəuyğun saymayıb", - deyə məlumatda bildirilib.
"Sputnik-Armeniya" isə xatırladır ki, 2020-ci ilin noyabrında Ermənistan Müdafiə Nazirliyinin keçmiş hərbi-nəzarət xidmətinin rəhbəri Movses Akopyan 44 günlük müharibə zamanı Annanı komanda məntəqəsində gördüyünü bildirmişdi. "Monitor ətrafında oturub nə sual verir, nə də danışırdı. Ona yaxınlaşıb "bura sizin yeriniz deyil" dedim. Bundan sonra Paşinyanın adından generala komanda məntəqəsində görünmək qadağan edildi. Az sonra Paşinyan videomüracitində Anna Akopyanın onun tapşırğı ilə bunker gəldiyini bildirmişdi.
Ermənistanın Vatikandakı keçmiş səfiri, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni də bir qədər əvvəl Anna Akopyanın bunker məsələsinə toxunmuşdu. "Anna Akopyan necə bunkerdə qışqırırdı ki, "istəyir 5 min adam ölsün, istəyir 6 min adam ölsün, fərqi yoxdur, biz bu Lələtəpəni geri qaytarmalıyıq". Mən danışmayacam, əminəm ki, şahidlər danışacaqlar", - deyə o qeyd edib.
Azər Nuriyev
Milli.Az