"Ər və arvad" onlayn göstəriləcək - FOTO

8 May 2021 11:43

Bu gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəsmi Facebook səhifəsində Şərqin ilk operettası "Ər və arvad" (Ü.Hacıbəyli) musiqili komediyası nümayiş olunacaq.

Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və yarandığı gündən indiyə qədər repertuardan düşməyən bu operetta nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarlarda da müxtəlif rejissorların təqdimatında daim uğurla nümayiş olunub, hər zaman çox böyük maraqla qarşılanıb.

Əsərin ilk tamaşası 1910-cu il mayın 24-də Bakıda Nikitin qardaşları sirkinin səhnəsində göstərilmişdir. Ölkəmizdə musiqili teatrın təşəkkül tarixi də  məhz bu tamaşanın adı ilə bağlıdır.

Bir əsrdən çox yaşı olan bu səhnə əsərinin  sonuncu quruluşu  mərhum rejissor Yusif Əkbərova (16 oktyabr 2010-cu ildə) aiddir.

Tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev,  quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurbanov, baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır.

Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar incəsənət  xadimi Sərdar Fərəcova məxsusdur.

Milli.Az