Yenilənmiş BMW X3 modelinin ilk şəkli peyda olub - FOTO

13 May 2021 23:01

BMW şirkəti yenilənmiş X3 krossoverinin dizaynını vaxtından əvvəl açıqlayıb. Yenilənmiş krossoverin görüntüsü alman şirkətinin İspaniya filialının saytında peyda olub. Göründüyü kimi, X3 modelinin eksteryer dizaynı xırda yeniliklərə məruz qalıb. Bunlara misal kimi, bamperləri, işıq texnikasını və təkər disklərini göstərmək olar.

Yeni LED optika yenilənmiş BMW X3 krossoverinin vizit kartına çevriləcəkdir - arxa fənərlər yenilənmiş 5 Series modelində olduğu kimi tündləşdiriləcək, ön fənərlər isə 4 Series kupe və kabrioletlərində olunduğu kimi, V formalı gündüz hərəkət işıqlarının yeni naxışını əldə edəcəklər. Bahalı versiyalar matrisa fənərləri ilə təchiz ediləcəkdirlər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, BMWBlog portalı yenilənmiş BMW X3 krossoverinin qabaqcıl iDrive 8 multimedia sistemini alacağını güman edir. Lakin mühərrik çeşidinin yenilənməsi real görünmür: krossoverlər mövcud benzin, dizel və hibrid güc qurğuları yerlərini qoruyacaqlar.

Rəsmi BMW veb saytında baş vermiş belə sızma, yenilənmiş X3 modelinin premyerasının uzaq olmadığını göstərir - krossover yaxın həftələrdə təqdim oluna bilər. Bir qədər sonra isə, bənzər dəyişikliklərə məruz qalan yenilənmiş BMW X4 krossoveri debüt edəcəkdir.

Milli.Az