“Apple” texnikasının defisiti proqnozlaşdırılır

11 May 2021 21:45

"Apple" şirkəti 2021-ci ildə bir sıra qurğuların defisitini proqnozlaşdırır. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sərmayədarlarla rüblük hesabata həsr edilən danışıq zamanı şirkət rəhbəri Tim Kuk bildirib ki, "Apple" yarımkeçiricilər çatışmazlığını hiss edib. Onun fikrincə, prosessor defisiti "Mac" kompüterləri və "iPad" planşetlərinin tədarük həcminə və satışlarına təsir göstərir. Bununla yanaşı, korporasiyanın maliyyə direktoru Luka Maestri komponent hissələr çatışmazlığı səbəbindən "Apple" şirkətinin üçüncü maliyyə rübündə mədaxilinin 3-4 milyard dollar azalacağını gözləyir.

T.Kukun fikrincə, defisit ilk növbədə əvvəlki nəsil prosessorların istifadə olunduğu məhsullara şamil edilib. O, yarımkeçiricilər çatımazlığının nə vaxtadək davam edəcəyini açıqlamasa da, "Apple" şirkətinin 2020-ci ildə belə problemlərlə üzləşmədiyini qeyd edib.

"Bloomberg" vurğulayır ki, "Mac" və "iPad" qurğuları 2020-ci ildə "Apple" istehsal xəttinin ən populyar məhsullarından olub. Bu, milyonlarla insanın koronavirus pandemiyası səbəbindən evdən işləmək və bunun üçün lazımi qurğular əldə etmək məcburiyyətində qalması ilə əlaqələndirilir. Ekspertlərin proqnozuna görə, prosessor çatışmazlığı "iPhone" smartfonlarının buraxılışına hələ ki təsir göstərməyib.

Bir müddət əvvəl "Apple" ikinci maliyyə rübü üçün hesabat dərc edib. Hesabata görə, korporasiyanın xalis gəliri 23,6 milyard dollara çatıb. Bu göstərici bir il əvvəl 11,2 milyard dollar təşkil edib. "Mac" kompüterlərinin satışı 9,1 milyard dollar, "iPad" planşetlərinin isə 7,8 milyard dollar məbləğində rekord qazanc gətirib.

Milli.Az