Xəbər verildiyi kimi Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilərək həmin müddətdə ictimai nəqliyyatın da fəaliyyəti dayandırılıb.
Milli.Az xəbər verir ki, millət vəkili Vüqar Bayramov "Facebook" hesabında məsələyə münasibət bildirib.
O, qeyd edib ki, hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində və eləcə də həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur:
"Digər tərəfdən, oxşar praktikadan, yəni ictimai nəqliyyatın fəaliyyətinə icazə verilməməsi, bu il Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də istifadə olunmuşdu. Amma qeyri-iş günlərindən sonra biz ölkəmizdə yoluxma sayının artmasını müşahidə etdik. Bu baxımdan, qeyri-iş günlərində və həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədəuyğun olardı. Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur.
Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu, qeyri-iş günlərində müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər", deyə deputat əlavə edib.
Milli.Az