Uğursuz nikahın qanlı sonluğu - ƏLAVƏ OLUNUB
29 Aprel 2010 11:12
Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, 38 yaşlı Yaşar Hüseynov münaqişə zəminində 21 yaşlı Elşən Xəlilov tərəfindən qətlə yetirilib.
Hadisə aprelin 28-də Mərdəkan dairəsində baş verib. Bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilən Y.Hüseynov orada dünyasını dəyişib.
Əzizbəyov rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində E.Xəlilov tutularaq istintaq orqanına təhvil verilib.
Milli.Az Əzizbəyov rayon Prokurorluğundan hadisənin təfərrüatlarını əldə edib. Şübhəli şəxs qismində ifadə verən E.Xəlilov öldürdüyü Y.Hüseynovla olan
keçmiş münasibətlərindən söhbət açıb. O bildirib ki, mərhum Y.Hüseynov
onun yaxın qohumu olub. Belə ki, 14 il əvvəl Y.Hüseynov onun əmisi
qızını qaçırıb. Sonra ailə qurublar və bu nikahdan 1 uşaqları dünyaya
gəlib. Lakin sonradan yola getməyən ər-arvad 2003-cü ildə uşaq atanın
öhdəsinə verilməklə rəsmən ayrılıblar. Y.Hüseynov ayrıldıqdan sonra
yenidən başqa şəxslə ailə qurub.
Hadisənin
baş verməsinə gəlincə, təqsirləndirilən şəxs əlavə edib ki, 2-3 gün
əvvəl Y.Hüseynov ona zəng edərək oğlunu hərbi litseyə düzəltmək
istədiyini və bunun üçün uşağın anasında qalmış şəhadətnaməsinin lazım olduğunu
bildirib. Şəhadətnaməni gətirəcəyini deyən E.Xəlilov Y.Hüseynovla görüşdükdən sonra onlar kafedə yeyib-içiblər. Keçmiş
qohumların qonaqlıq mərasimində E.Xəlilovun dostları da iştirak
edirmiş. Masa arxasında olan zaman Y.Hüseynov həmin şəxslərə E.Xəlilovun
əmisi qızı ilə ailə həyatlarının, ayrılmaqlarının detallarından söhbət açıb. Bu
söhbətdən sonra özünü dostlarının yanında təhqir olunmuş hesab edən
E.Xəlilov qisas almaq fikrinə düşür və Y.Hüseynovu görüşə çağırır.
Mərdəkan dairəsində görüşən zaman E.Xəlilov özü ilə götürdüyü bıçaqla
Y.Hüseynova çoxsaylı zərbələr endirir. Yaralı xəstəxanaya çatdırılsa
da, onun həyatını xilas etmək mümkün olmur.
Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az