"Oxuyur Müslüm Maqomayev" filminin ekranlara çıxmasından 40 il ötür

1 Fevral 2012 11:31
Zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayev haqqında çəkilmiş "Oxuyur Müslüm Maqomayev" filminin ekranlara çıxmasından 40 il ötür. AzərTAc xəbər verir ki, bu münasibətlə Dövlət Film Fondunda tədbir təşkil ediləcək.

Bu ekran əsəri tamaşaçıları görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayevin parlaq və çoxcəhətli yaradıcılığı ilə tanış edir. Görkəmli müğənni filmdə "Şah İsmayıl", "Faust", "Yevgeni Onegin", "Riqoletto" operalarından ariyalar, sovet bəstəkarlarının əsərlərini ifa edir. Filmdə müğənninin yaradıcılıq laboratoriyası, onun tərcümeyi-halının ayrı-ayrı səhifələri, Müslüm Maqomayevin mahnı, səhnə obrazı üzərində necə işlədiyi, onun musiqi, mahnı barədə fikirləri də öz əksini tapıb.

"Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş filmin quruluşçu rejissor Tofiq İsmayılovdur.

Ötən il Müslüm Maqomayevin ad günü ərəfəsində "Oxuyur Müslüm Maqomayev" filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Film Fondu tərəfindən bərpa edilib.

Milli.Az