HarmonyOS-in Google servislərini dəstəklədiyi məlum olub

6 May 2021 23:45

Keçən ilin sentyabr ayında Huawei şirkəti smartfonlarla və digər smart cihazlarla uyğunlaşa bilən HarmonyOS 2.0 əməliyyat sistemini təqdim etmişdi. Bununla belə şirkət bir dəfəlik Android-dən imtina etmək niyyətində deyil və hər dəfə bildirir ki, onun fərdi əməliyyat sistemi Android-i əvəzləmək üçün nəzərdə tutulmayıb. Bu, heç də təəccüblü deyil. Belə ki, HarmonyOS əməliyyat sistemi Android-i xatırladır və hətta onun bir sıra funksiyalarına sahibdir. Həmçinin bu iki əməliyyat sistemi eyni nüvədən ibarətdir.

    Hal hazırda HarmonyOS 2.0 beta test mərhələsindən keçir və onun üstünlüklərindən hələ ki, yalnız proqram təminatı tərtibatçıları yararlana bilərlər. Bunun nəticəsində HarmonyOS ilə Android-in eyni mühitə sahib olduqlarını sübut etmək mümkün olub. Məlum olub ki, HarmonyOS-in beta versiyası Google servislərinin dəstəyinə sahibdir. HarmonyOS-in beta versiyasının Huawei Mate 40 Pro+ smartfon modelində testi zamanı bu faktı qeyd etmək mümkün olub. Çinli tərtibatçıların sözlərinə əsasən onlar HarmonyOS ilə çalışan smartfona Google servislərini quraşdırmağa çalışıblar və onlarda hər şey alınıb.

    Sübut olaraq onlar Google Play platformasında edilmiş screenshotları təqdim ediblər. Maraqlısı ondadır ki, Huawei şirkəti daha öncə HarmonyOS-in Google servislərini dəstəkləməsi barəsində heç bir məlumat verməmişdi. Bundan əlavə olaraq şirkət özünün HMS (Huawei Mobile Services) servislərini inkişaf etdirir və bunun üçün külli miqdarda investisiyalar yatırır. Buna baxmayaraq Google servislərinin HarmonyOS-də dəstəklənməsi hər iki əməliyyat sisteminin eyni mühitə sahib olduğunu göstərir.

Milli.Az