Planşetlərin populyarlaşmasının səbəbi məlum olub

6 May 2021 21:40

2021-ci ildə planşetlərə olan tələbat artmağa davam edir. "International Data Corporation" analitik şirkəti 2021-ci ilin ilk 3 ayı ərzində satışların həcmi haqqında məlumatlar dərc edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yanvar-mart aylarında dünyada planşetlərin tədarük həcmi 39,7 milyon təşkil edib. Bu, 2020-ci illə müqayisədə 55% daha çoxdur. 2013-cü ildən bəri satışların həcmində belə artım tempi müşahidə olunmurdu.

"Apple" bu sahənin lideri olaraq qalır: 12,7 milyon "iPad" planşeti tədarük etmiş şirkət 31,7% bazar payına sahibdir. Cənubi Koreyanın "Samsung" şirkəti (8 milyon planşet və 20% bazar payı) növbəti yeri tutur. "Huawei" şirkətini geridə qoymuş "Lenovo" (3,8 milyon və 9,4 faiz) üçüncü yerə yüksəlib.

Mütəxəssislər bu cihazlara olan marağın artmasını pandemiya və distant ij rejimi ilə izah edirlər. Bundan başqa, planşetlər məktəbli və tələbələrin distant təhsili üçün əlverişli olub.

Milli.Az