"Onların demokratiyası olsa idi, öz başlarına çəkərdilər"

4 May 2021 11:12

"Özünü demokratiyanın beşiyi adlandıran Fransada etiraz aksiyaları zamanı demokratiyanın hansı səviyyədə olduğunun, ya da daha dəqiq ifadə etsək olmadığının bir daha şahidi olduq".

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Fransanın bəzi ölkələrə demokratiya yoxdur deyə irad bildirməyə haqqı çatmır:

"Fransız polisi Parisdə baş verən nümayişlərdəki qarşıdurmalar zamanı 34 nəfər aksiya iştirakçını saxlayıb. Bununla yanaşı, Belçikada etiraz aksiyaları zamanı insanlara qarşı kobud rəftar tətbiq olunub. Bu və bundan öncə yaşanan situasiyalar hər dəfə sübut edir ki, Avropa ölkələrində həqiqətdə demokratiya yoxdur. Əksinə, süni, təhrif olunmuş, siyasi elitanın maraqlarına xidmət edən "demokratiya" mövcuddur. Bu həm də təzyiqə dözümlü demokratiya deyil. Əgər bu sadalananlardan biri yanlış olsa idi Fransa başqalarına "demokratiya" adı altında irad tutmağa özündə mənəvi haqq tapmazdı. O zaman Fransanın demokratiya yoxdur, demokratik prinsiplər tapdalanır deyə tənqid edərək dünyaya səs saldığı ölkələrə də irad bildirməyə haqqı çatmır. Atalarımız yaxşı deyiblər "keçəlin dərmanı olsa idi, birinci öz başına çəkərdi". Fransanın, Avropanın demokratiyası olsa idi, öz başına çəkərdi".

Ş.Həsənova deyib ki, Fransadakı altı təzək, üstü bəzək "demokratiya"dır:

"Bu gün Avropada insanlar küçələrə çıxırsa, deməli, ölkədə mövcud olan "demokratiya" anlayışı onları razı salmır. İnsanlar küçəyə çıxırsa, deməli, narazıdır, demokratiya yoxdur ki, bunu tələb edir. Əgər Avropa ölkələrində hakimiyyət dairələri bunun əksini iddia edirsə, o zaman nəyə görə Avropa ölkələrində dinc aksiyaların zorakılıqla dağıdılması, kütləvi həbslər və cəza tədbirlərinə rast gəlirik? İnsanı fərqli düşündüyünə görə həbsə məhkum etmək orta əsrlər təfəkkürünə məxsus olan bir davranışdır. 

Əgər Fransa, onun hüquq-mühazifə orqanları bir ölkə olaraq öz vətəndaşlarının aksiyalarını atlarla, gözyaşardıcı qazdan istifadə etməklə, müxtəlif kəskin üsullarla yatırdırsa digər ölkələrə hansı hüquq ya demokratiya nümunəsi nümayiş etdirə bilər? Mahiyyət etibarilə bunu bir sözlə altı təzək, üstü bəzək "demokratiya" adlandırmaq daha düzgün olar". 

Təhməz Əsədov
Milli.Az