Savaşlı dərd əkizləri - Ağdam, Sarayevo, Hirosima

3 May 2021 16:22

44 günlük İkinci Qarabağ müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması ilə yanaşı, həmin torpaqlarda erməni vandalizminin acı nəticələrini də dünyaya nümayiş etdirmiş oldu. Mənfur düşmənin vandallıqla həmin ərazilərdə necə bir iz qoyduğunu üzə çıxardı. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu 30 ildə sanki bu ərazilərdən insanlar deyil, vəhşi bir qəbilə keçib gedib. Daşı-daş üstə qoymayan mənfur düşmən bütöv şəhərləri, kəndləri yer üzündən silib, maddi və mənəvi abidələrimizi məhv edib. Dəfələrlə həmin ərazilərdə olan xarici media nümayəndələri, diplomatlar gördüklərindən hələ də şok keçirməkdədir. İşğaldan azad olunmuş ərazilərdə erməni quldurları tərəfindən törədilən dağıntıların və baş verən vandalizm aktlarının miqyasının nə qədər geniş olduğunu öz gözləri ilə görür və görməkdədirlər. Vaxtilə on minlərlə insanın yaşadığı, qaynar həyatın hökm sürdüyü şəhərlərimizdə indi salamat bir bina, bir tikili qalmayıb. Erməni işğalçıları xislətlərinə uyğun olaraq, şəhərlərimizi xarabalığa çevirib, darmadağın ediblər. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı şəhərlərinin sözün əsl mənasında "Ruhlar şəhəri"ndən fərqi yoxdur. Rastlaşılan mənzərəni isə çoxları dünya ölkələrində müharibə və işğallar dövründə dağıdılmış şəhərlər, kəndlərlə müqayisə edirlər.

Qarabağ- vandalizmin bariz nümunəsi

Ermənilər sanki yaxın tarixdə və çox da uzaq olmayan illərdə yaşananları Qarabağda təkrarlayıblar. Məsələn, Sarayevoda müharibədən sonra yaşananlara nəzər salaq. Bütöv şəhər məhv edilib, insanlar qətlə yetirilib. Sarayevoda açılan Müharibə Uşaqlığı Muzeyi onu görənləri sadəcə dəhşətə gətirir. Muzeydə əşyalar, video ifadələri və hekayələrin vasitəsi ilə müharibədən sağ çıxan uşaqların həyatlarından bəhs olunur. 2016-cı ilin may ayında Müharibə Uşaqlığı Muzeyinin kolleksiyalarında gündəliklər, oyuncaqlar, fotoşəkillər, geyim əşyaları və müharibə zamanı sağ qalanların bağışladığı başqa müxtəlif əşyalar var. Bütün əşyaların yanında onları təqdim edən şəxsin birinci şəxs tərəfindən yazılan xatirələri yerləşdirilib. Əşyalara əlavə olaraq ziyarətçilər həyat hekayələri dinləyə və götürülmüş intervyulardan parçaları oxuya bilərlər. Ümumiyyətlə, Balkanlar da sovet imperiyasının dağılması ilə yaşanan facilər, dağıdılmış şəhərlər, minalanma problemi, kütləvi məzarlıqlar da göz önündədir.

Başqa bir nümunə - Fransada müharibə dövründə dağıdılmış kəndin muzey kimi saxlanılır. Vandallar tərəfindən dağıdılan kənd də bu kateqoriyaya daxil etmək olar.
 
Hirosima və Ağdam - oxşar tale
 
Bəşəriyyət tarixinin ən qanlı hadisəsi - Yaponiyada İkinci Dünya müharibəsi dövründə Hirosima və Naqasakinin yer üzündən silinməsini yada salaq. Faciədən sonra yaşananlar barədə illərdir ki, danışılır. Yüz minlərlə insanın müharibədən sonra hansı fəlakətləri yaşadıqları barədə hələ də, danışılır. Yaradılan xatirə muzeyləri tək yapon xalqının deyil, bəşəriyyətin ən böyük faciəsi kimi göstərilir. Müstəmləkə dövründə Yaxın Şərqdə, ərəb ölkəlrinin yaşadıqları isə daha dəhşətli bir səhifədir. Fransanın Türkiyəni soyqırımda ittiham edənlər üçün tək bir Əlcəzairdə yaşananları xatırlatmaq kifayətdir. Əsl soyqırımı Osmanlı Türkiyəsində deyil, məhz bu ölkədə və digər müstəmləkədən azad edilən ərazilərdə yaşanıb. Eləcə də, Vyetnamda  70-ci illərdə yaşananları xatırlayaq. Mina probleminin ən ağır faciələrini yaşayan Vyetnam xalqı hələ də bunun nəticələrini yaşayır. Hər il yüz minlərlə insan həmin qanlı hadisələri yad etmək üçün küçələr çıxır.
 
İkili standart - ikiyə parçalanan həqiqət
 
Və ən acınacaqlısı odur ki, bu gün də dünya birliyi baş verən faciələrə ikili standartlardan yanaşır. Və konkret misal kimi də işğaldan azad olunan Azərbaycan torpaqlarını nümunə göstərmək olar. Necə olur ki bununla bağlı neçə müddətdir ki, yerli, rus və Qərb mediası saysız-hesabsız məqalə, reportajlar təqdim edir. Ancaq Qərbin insan haqlarından dəm vuran hüquq-müdafiə təşkilatları, ölkələri buna reaksiya vermir. Əvəzində yüz il bundan əvvəl baş verdiyi iddia olunan qondarma eməni soyqırımını qabartmağa başlayır. Türkiyəyə qarşı təzyiqlər edir. Beləliklə də, yenə də ikili mövqe, ikili standartlar və məzlumların mövqeləri nəzərə alınmır.
 
Azər Nuriyev
Milli.Az