"Ermənilər Xankəndində Azərbaycan vətəndaşı kimi yaşaya bilər" - Hulusi Kılıç - ÖZƏL

3 May 2021 12:49

"Xankəndi, Xocavənd, Ağdərə, Əsgəran Azərbaycan torpaqlarıdır, bundan əvvəl də bu belə idi. Orada yaşayanlar da Azərbaycan vətəndaşlarıdır. Bu, əvvəllər də belə idi, indi də belə olmalıdır".

Bunu Milli.Az-a açıqlmasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

O bildirib ki, Rusiya üçtərəfli bəyanata görə üzərinə düşəni etməlidir:

"Əgər o ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını istəmirlərsə, zəngin bir Azərbaycanda yaşamaq yerinə gedib kasıb Ermənistanın vətəndaşlığını seçsinlər. Dolayısı ilə orada keçmişdə sülh içində birlikdə yayanılıb. Prezident İlham Əliyevin də bu barədə çıxışı var ki, "Bizim xalqla düşmənliyimiz yoxdur, yenə bir yerdə yaşayarıq" deyib. Amma terror fəaliyyətinə heç bir zaman imkan verilməz. Arzu edərlərsə, orada azərbaycanlılarla Azərbaycanın vətəndaşı kimi birgə yaşayarlar. Amma hər şeyin qaydası var, qaydalara əməl etmək məcburiyyətindədirlər. Önümüzdəki müddətdə Azərbaycan və Türkiyə bu məsələlərə nəzarət edəcək. Rusiya höküməti də üzərinə düşəni etməlidir. Bölgədə qalıcı sülhün, əminamanlığın olmasını arzu edirik. Çox arzulayırıq, çünki bölgədə sülh olarsa, inkişaf da olacaq.

Torpağımızda gözü olandan qonşu olmaz

Qarşımızda altılıq bir əməkdaşlıq platforması var. O platformaya da Ermənistanın cavab verməyi, reallıqla barışması lazımdır. Və beləcə, orada gəlib yaşamayacaq bir diasporadan da əl çəkməsi lazımdır. Yəni Ermənistanın bizim mehriban qonşumuz olması lazımdır. Bizim torpağımızda gözü olan qonşu olmaz, düşmən olar. Ona görə, tez bir zamanda erməni səlahiyyətlilərinin ağıllarını başlarına yığmalarını gözləyirik.

Bu əl erməni xalqına çörək verir

Ağıllarını başlarına yığsınlar. Biz sülh əlimizi uzatdıq, bu əli sıxsınlar, bu əl erməni xalqına çörək verir. Kin, nifrət, düşmənçiliklə bu iş olmaz. Bizimlə dürüst münasibət qurmaq istəyirlərsə, Azərbaycanın ərazi bütövlüyünü tanısınlar. Türkiyəyə qarşı qondarma "soyqrımı" iddiaları, torpaq tələbləri - belə olmaz. Bu məsələlər üçün arada illər itdi. Tez bir zamanda sülhün bərqərar olmasını istəyirik". 
 

Təhməz Əsədov
Milli.Az