Balıqlar hələ XX əsrin ortalarında mikroplastik yeməyə başlayıblar

3 May 2021 21:50

Son əsr ərzində şirin su balıqlarının bağırsaqlarının necə dəyişdiyini öyrənmək cəhdi tədqiqatçıları muzey kolleksiyalarına qədər aparıb çıxarıb. Tədqiqatlar nəticəsində məlum olub ki, mikroplastiklər balıqların orqanizminə hələ 1950-ci illərdə düşməyə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, zaman keçdikcə onların konsentrasiyası yalnız artıb.

Loyola Universitetinin bioloqları tərəfindən aparılan bu tədqiqat mikroplastikə (5 millimetrdən kiçik olan plastik tullantılar) və onun ətraf mühitə təsirinə həsr olunub.

Yeni tədqiqatın müəllifləri mikroplastikin son əsrdə ekosistemlərdə necə toplandığını və bunun keçmişdə balıqlar üçün nə demək olduğunu öyrənməyi nəzərdə tutur. Bu, onları spirtə qoyulmuş təxminən iki milyon balıq nümunəsinin saxlandığı Çikaqo muzeyinə gətirib çıxarıb.

"Plastiklə suyun çirklənməsi problemi son 10, 15 il ərzində cəmiyyəti narahat edir. Amma əslində, plastik tullantıların orqanizmə təsiri plastik icad edilən vaxtdan başlayıb. Tarixi kontekstdə biz bunun necə baş verdiyini bilirik. Muzey nümunələrinə baxarkən, biz onları öyrənərək keçmişə səyahət edə bilirik", - deyə tədqiqatın həmmüəllifi Tim Hollein söyləyib.

Tədqiqat əsasən dörd növə: yekəağız xanı balığına (Micropterus salmoides), kanal balığına (Ictalurus punctatus), qum cüllütünə (Notropis stramineus) və xul balığa (Neogobius melanostomus) yönəldilib. Muzeydə 1900-cü ildən bəri toplanmış balıq nümunələri nümayiş olunur. Tədqiqatçılar müqayisə üçün muzeydə həmin balıq növlərinin təzə nümunələrini də yerləşdiriblər.

Alimlər onilliklər ərzində hər bir balığın ən azı beş nümunəsini götürüb onların həzm traktını araşdırıblar və onu, plastiklərdən başqa bütün üzvi maddələri məhv edən peroksidlə sınaqdan keçiriblər.

İlk dəfə 1855-ci ildə İngilis metallurqu və ixtiraçısı Alexander Parks tərəfindən kəşf olunmuş plastikdən geniş istifadəyə yalnız keçən əsrin ortalarında başlanılıb. Bu, tədqiqatda da öz əksini tapıb. Mikroplastik 1950-ci illərədək balıq nümunələrində aşkarlanmayıb. Bundan sonra onun konsentrasiyası sürətlə artmağa başlayıb.

Plastiklərin lif şəklində olduğu və polimerlərdən, bir sıra təbii və sintetik parçalardan əldə edildiyi müəyyənləşdirilib. Tədqiqatçılar mikroplastikin kəşfini və onun konsentrasiyasının tədricən xeyli artmasını "həyəcan siqnalı" kimi dəyərləndirirlər.

"Biz bu balıqların bağırsaqlarındakı mikroplastikin həcminin çoxalmasını əsasən plastik istehsalının artması ilə paralel baş verdiyini görürük. Bunlar dəniz çöküntülərində tapılan eyni nümunələrdir. Nəticələr ümumi tendensiyadan qaynaqlanır və plastikin hər yerdə olduğuna işarə edir", - deyə tədqiqatın həmmüəllifi Kaleb MakMaxan bildirib.

Milli.Az