İranda Zərif zəlzələ: ağız deməyəni də qulaq eşidir

3 May 2021 11:27

Seçkiöncəsi İranda qalmaqallar səngimir. Bir tərəfdən Qərbin sanksiyalar hədəsi, digər tərəfdən də ölkədaxili gərginlik artmaqdadır. Xarici işlər naziri Məhəmməd Cavad Zərifin qalmaqallı səs yazısının nəticələri neçə müddətdir ki, ölkədə gərginliyi pik həddə çatdırıb. İş o yerə çatıb ki, hakimiyyət qalmaqalda əli olduğu şübhəli bilinən 15 nəfərin ölkədən çıxışına qadağa qoyub. Xatırladaq ki, qalmaqal Zərifin iranlı iqtisadçı ilə müsahibəsi ilə start götürüb. Səs yazısında Zərif Qüds briqadasının qətlə yetirilən rəhbəri Qasım Süleymaninin ona mane olduğunu, Rusiyanın nüvə razılaşmasını pozmağa çalışdığını, Kerrinin ona İsrail hücumları barədə məlumat verdiyini bildirir. Bu insidentin prezident Həsən Ruhaniyə qarşı təzyiq vasitəsi kimi nəzərdən keçirildiyi iddia edilir. İnsident Qərb mediasında artıq maraqlı bir ad da qazanıb - "zərifgeyt".

Cəmiyyətdə ən çox gərginlik yaradan odur ki, nazirin müsahibəsi ölkədə artıq məxfi bəyanat və yaxud gizli nəsə olmadığını üzə çıxarmış olub. "Yəni siz nəsə desəniz, dərhal da yayılacaq". Bu fikri keçmiş briqada generalı Hüseyn Alayi səsləndirib. İranda əsas müzakirə mövzusu həm də odur ki, nazir bu qalmaqaldan sonra mütləq istefa verməlidir. Artıq İran sanki "şüşə ev"i, yəni başqa ölkələr üçün sirr olmayan bir məkanı xatırladır. Bütün bunlar da o anlama gəlir ki, ölkənin indiki hakimiyyət orqanları işinin öhdəsindən gələ bilmir. Səs yazısı daha çox İran mühafizəkarlarını qəzəblənirib. Onlar səs yazısının sızmasını "casusluq aktı" adlandırır və bu səbəbdən də Zərifin istefasını tələb edirlər. 
İran hakimiyyəti besab edir ki, ölkə sanksiyaların və təzyiqlərin ləğvi ilə bağlı həssas və tarixi günlər yaşayır. Belə bir gərgin vaxtda da Zərifin yayımlanmamalı olan səs yazısı ictimailəşir. İran prezident Həsən Ruhani isə deyir ki, xarici işlər nazirinin səsyazısının sızdırılmasında məqsəd nüvə danışıqları vaxtı "bölücülük" yaratmaqdır.

İranın Ali lideri Ayətullah Əli Xameneinin son açıqlaması da diqqət çəkir. Qalmaqallı səs fonunda dini lider bildirib ki, XİN ölkənin xarici siyasətini müəyyən etmir, sadəcə ali rəhbərlik tərəfindən müəyyən edilən xarici siaysət kursunu icrası ilə məşğuldur. Dini lider açıq şəkildə bildirib ki, "bir sıra məmurların bəyanatı", xüsusən də general Süleymani və islam İnqilabi keşikçiləri Şurası ilə bağlı fikirləri "heyrət" və "təəccüb" doğurur. Bir daha bu cür fikirlərin "ABŞ-ın düşmənçilik bəyanatlarının" təkrar edilməsi deməkdir. "Biz  ölkənin siyasətini qəbul etmirik kimi təssürat yaratmalı deyilik" deyə dini lider bəyan edib.

Beləliklə, qalmaqalın necə nəticələnəcəyi maraq doğurur. Lakin ən əsası odur ki, qarşıdakı seçkilərdə "islahatçılar" adlanan qanada ciddi təsir edəcək. Bu qalmaqalla mühafizəkarları təmsil edənlərin seçki prosesinə daha çox cəlb ediləcəyi gözlənilir.

Azər Nuriyev
Milli.Az