Qaz xətti var amma 7 ildir bu binalara qaz verilmir - VİDEO

3 May 2021 10:04

Abşeron rayon Mehdiabad qəsəbəsindəki gənclər şəhərciyində 6 binaya qaz verilmir. Sakinlər MTK rəhbəriliyinə müraciət etsələr də, mənzillərə qazın verilməsi illərdir təmin edilməyib. "Azəriqaz"dan da məsələyə münasibət bildirilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şəhərcikdəki 23  yaşayış binasından 6-na hələdə qaz verilməyib. Sakinlər mənzilərdə xüsusi qaz balonlarından istifadə edirlər. Görüntülər Abşeron rayon Mehdiabad qəsəbəsində olan Gənclər şəhərinciyindən gedir.

Sakinlər deyir ki, onların yaşadıqları binalar 2014-cü ildə istifadəyə verilib. Həmin vaxtdan illər keçməsinə baxmayaraq hələdə mənzillərə qazın verilməsi təmin edilməyib. Dəfələrlə MTK rəhbərliyinə müraciətləri nəticəsiz qalıb.

Qeyd edək ki, yaşayış binalarının yaxınlığında ana qaz xətti var. Ancaq həmin 6 binaya ötürücü qaz xətti kəsilib. Mövcud məsələ ilə bağlı binalara cavabdeh olan MTK-nümayəndəsi Rasim Qaçayev "XəzərXəbər"ə  bildirdi ki, sakinlərə bütün sənədlər verilib, lazımı addımlar atılıb. Ancaq "Azəriqaz" qazı vermir.

Azəriqaz istehsalat birliyindən isə  bildirilib ki, mənzil tikinti kooperativləri tərəfindən inşa edilmiş yaşayış binalarının qazlaşdırılması işləri ''Azəriqaz'' İB -nin səlahiyyəti xaricindədir.Həmin yaşayış binalarında tikinti quraşdırma işləri Mənzil Tikinti Kooperativlərinin sifarişi əsasında xüsusi lisenziyası olan podratçı təşkilat tərəfindən aparıldığı üçün MTK tərəfindən aidiyyatı təşkilatlarla razılaşdırılmış layihə-smeta və texniki icra sənədləri ''Azəriqaz'' İB-ə təqdim olunduqdan sonra  sözügedən mənzilə təbii qazın açılışına müvafiq qaydada baxılacaq.

Milli.Az