Çin öz kosmik stansiyasını orbitə göndərib

4 May 2021 21:50

18 aylıq hazırlıqlardan sonra kosmik stansiyanın Tianhe adlı əsas modulu uğurla Yer kürəsinin orbitində yer alıb. İnşasının 2022-ci ilin sonunda yekunlaşdırılması planlaşdırılan avtonom kosmik stansiya növbəti onilliklər ərzində Çinin elmi tədqiqat mərkəzi qismində çıxış edəcək. Chang Zheng 5 adlı raket vasitəsilə kosmosa göndərilmiş Tianhe əsas modulu özündə yaşayış hissəsini, alət-montaj hissəsini və digər modullar ilə birləşmə hissəsini birləşdirir. Tianhe adlı əsas modulun daxilində artıq mətbəx, ayaqyolu, kompüter təchizatı və əlaqə şəbəkəsi quraşdırılıb.

Mühəndislərin sözlərinə əsasən bu moduldan həm yaşayış həm də laboratoriya qismində istifadə etmək olar. Astronavtlar həmçinin açıq kosmosa çıxış şlüzundan da istifadə edə bilərlər. Çinin kosmik agentliyi növbəti mərhələdə kosmik stansiyaya Tianzhou-2 yük gəmisini və daha sonra daxilində 3 nəfər astronavtın olacağı idarəolunan Shenzhou-12 adlı kosmik gəmini göndərməyi planlaşdırır. Bütün bu komponentlərin Tianhe əsas modulu ilə birləşməsindən sonra kosmik stansiya istifadəyə yararlı olacaq.

Ümumi hesablamalara əsasən bunun yerinə yetirilməsi üçün Çinin kosmik agentlyi il ərzində 11 uçuş missiyası yerinə yetirməlidir. Həmin uçuş missiyaları çərçivəsində 2 laboratoriya və 1 baza modulu göndərməklə kosmik stansiyanın bütün hissələrinin birləşdirilməsini reallaşdırmaq mümkün olacaaq. Yeni kosmik stansiya yekun olaraq 340-450 metr yüksəklikdə yerləşəcək. Laboratoriya modulları ilə birləşəndən sonra o, T hərfi formasını əldə edəcək. Kosmik stansiyanın 15 il ərzində fəaliyyət göstərəcəyi planlaşdırılır.

Milli.Az