Quliyevin həyat yoldaşı da Türkiyə millisini seçdi - İCAZƏ

1 May 2021 16:07

Rusiyalı atlet Yekaterina Poistoqova-Zavyalova-Quliyeva idman vətəndaşlığını dəyişib.

Milli.Az aportinfo.az-a istinadən xəbər verir ki, Ümumdünya Atletikası (World Athletics) 800 metr məsafəyə qaçış üzrə London-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısının Türkiyə millisində çıxış etməsinə icazə verib.

30 yaşlı idmançı bundan sonra həyat yoldaşı, əslən azərbaycanlı atlet Ramil Quliyevlə birlikdə "ay-ulduzlular"ın uğurları üçün yarışacaq.

Poistoqova 2015-ci ildə dopinq qalmaqalına görə idmandan kənarlaşdırılıb. Ümumdünya Antidopinq Agentliyi (WADA) əvvəlcə təcrübəli idmançı üçün ömürlük diskvalifikasiya tələb edib. Lakin rusiyalı vəkillər cəzanı iki ilə endirməyə nail olublar.

Həmçinin onun olimpiya medalı da saxlanılıb. Buna baxmayaraq, Rusiya yığmasının heyətində nüfuzlu yarışlara qatılma şansı olmayan atlet özünü yenidən beynəlxalq arenada sınamaq və potensialını reallaşdırmaq üçün Türkiyə vətəndaşlığını qəbul edib.

2019-cu ildə Ramil Quliyevlə ailə həyatı quran idmançının 2020-ci ilin yanvarında qız övladı dünyaya gəlib. Bu evlilik neytral status qazanma şansı az olan Poistoqova üçün idman karyerasını davam etdirmək baxımından yeni imkanlar açıb.

Onun sonradan Quliyeva soyadını götürməsi isə mümkün sanksiyalardan sığortalanmaq cəhdi kimi qəbul edilir.

Rusiyadan fərqli, Türkiyə milli komandası sanksiyalara məruz qalmadığından, olimpiya mükafatçısının gələcəkdə vəsiqə qazanacağı beynəlxalq yarışlarda iştirak etməməsi üçün heç bir səbəb yoxdur.

Bununla belə, Türkiyə Atletika Federasiyasının dopinqə görə cəzalandırılmış idmançını yığmaya cəlb etməsi risk kimi qiymətləndirilib.

Ramil Quliyev 2011-ci ildə Azərbaycan vətəndaşlığını Türkiyə vətəndaşlığına dəyişib.

Milli.Az