Azərbaycanın 2 güləşçisi turnirdə finala yüksəldi - Rusiyada

1 May 2021 13:44

Rusiyanın Yakutsk şəhərində Olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turniri start götürüb.

Milli.Az bizim.media-ya istinadla xəbər verir ki, Azərbaycan Güləş Federasiyası gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışın ilk günündə finalçılar müəyyənləşdiyini bəyan edib.

Murad Haqverdiyev (57 kq) iki Rusiya güləşçisinə qalib gələrək dörddəbir finala yüksəlib. Ancaq yarımfinala gedən yolda digər yerli idmançıya məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Sabir Cəfərov (65 kq) iki rəqibi üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb.

Digər güləşçimiz Cəbrayıl Hacıyev (70 kq) ilk iki mərhələdə Rusiya təmsilçilərinə heç bir şans tanıtmayıb. Yarımfinalda Qırğızıstan idmançısından da güclü olan C.Hacıyev finala vəsiqə qazanıb. Hər iki güləşçimiz qızıl medal uğrunda görüşdə Rusiya idmançısı ilə qarşılaşacaq.

Qeyd edək ki, final qarşılaşmaları bu gün keçiriləcək.

Milli.Az