Ermənistanda Köçəryana nifrət onun hazırkı reytinqindən qat-qat çoxdur - ŞƏRH

30 Aprel 2021 16:37

"Ermənistanda parlament seçkiləri qabağı kompaniya başlayıb və ermənilərin fantastika janrına olduqca böyük rəğbət bəslədiyini və inandığını nəzərə alsaq, belə açıqlamalar hələ çox olacaq".

Bunu Milli.Az-a açıqlamasında politoloq Fərhad Məmmədov Ermənistanın eks-prezidenti Robert Köçaryanın "Danışıqlar prosesində mövqeyimizi möhkəmləndirsək, nəticədə bütün əsirləri, Şuşanı və Hadrutu geri qaytara, regionun ən güclü dövlətinə çevrilə bilərik" açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, bütün sorğular da göstərir ki, parlament seçkilərində Paşinyanın göstəriciləri digərlərindən qat-qat çoxdur:

"Köçəryan bu açıqlamanı seçkilərdə qalib gəlmək üçün edib. Paşinyan populist siyasətçidir və onun rəqibləri görəndə ki, onun Ermənistanda populizmə daha çox inanırlar, populist siyasətçi uğur qazanır, onlar da başlayırlar belə bəyanatlar verməyə. 

Müşahidələrimizə baxsaq görərik ki, müharibə bitdi, Paşinyan müharibəni uduzdu. Bütün müxalifət - Köçəryan, Sarkisyan, Manukyan, hətta katolikos, prezident, generallar, yəni ölkədə bütün siyasi və hərbi spektrda olan və az-çox tanınan adamlar hamısı Paşinyanın istefasını tələb edirdilər. Bu aksiyalara maksimum 7-8 min nəfər adam çıxarda bilirdilər. Paşinyan isə iki mitinq keçirdi, hərəsində 15-20 min nəfər insan toplaşdı. Bütün sorğular da göstərir ki, Paşinyanın göstəriciləri digərlərindən qat-qat çoxdur. 

Robert Köçəryan Rusiya televiziyasına çıxır, öz nəzarətində olan media qurumlarına müsahibələr verir, amma bir dəfə də olsun onun Ermənistan vətəndaşları ilə görüşünü görməmişik. Və yaxud da görməmişik ki, o, hansısa bir aksiya keçirtsin, orada çıxış etsin, yaxud müxalifətin dekabr, yanvar, fevral aylarında keçirtdiyi az-çox kütləvi aksiyalarda çıxıb Ermənistan vətəndaşları ilə ünsüyyətə girsin. Çünki Köçəryana, Serj Sarkisyana nifrət onların hazırki reytinqindən qat-qat çoxdur. Bunu bütün sosialoji sorğular göstərir ki, onun dövründə olan özbaşınalıq, rüşvətxorluq, vətəndaşların zorakılığa məruz qalması, qətlə yetirilməsi hamının yaddaşındadır. Ona görə, onun uğur qazanmasının maksimumu deyərdim ki, parlamentdə təmsil olunma şansı ola bilər. O da təxminən 5-6%-i toplasa və Paşinyan seçkiyə qədər güclü səhv buraxmasa Köçəryanın hakimiyyətə gəlməyə heç bir şansı yoxdur. Ancaq ola bilsin 5%-lik barieli keçib, parlamentə daxil ola bilsin". 

Təhməz Əsədov

Milli.Az