Türk deputat erməni həmkarına yerini göstərdi: Cəhənnəm ol çıx get...

30 Aprel 2021 15:49

Türkiyə parlamentində təmsil olunan və kürdlərin partiyası kimi tanınan HDP-də türk düşmənlərinin olduğu gizli deyil.
 
Erməni əsilli Karo Paylan da bu partiyadan deputat seçilib, amma Türkiyə parlamentində özünü Ermənistanın deputatı kimi aparır. 24 apreldə Türkiyə BMM-nə qanun layihəsi təqdim edib ki, Türkiyə qondarma "soyqırımı" tanımalıdır. Bundan əvvəl də Karo Paylan antiTürkiyə, antitürk mövqelərdən çıxışlar etmişdi. İkinci Qarabağ müharibəsində də Türkiyəni Azərbaycana kömək etməməyə çağırmışdı. Sonuncu aprel çağırışında Karo İstanbulda Tələt paşanın adına olan küçəni ləğv etməyi tələb edəndən sonra müstəqil deputat Umut Özdağ Paylanın yazısına cavab olaraq onu "təhsilsiz" və "təxribatçı" adlandırıb. Umut Özdağ:" Əgər narazısansa, cəhənnəm ol çıx get. Tələt Paşa vətənpərvər erməniləri deyil, bizi kürəyimizdən vuran sizin kimi erməniləri deportasiya etdi. "- deyə Twitterdə Paylana cavab yazıb.
 
Paylan da tələsik prokurorluğa Umut Özdağdan şikayət edib. 
 
Karo Paylan gəmidə oturub gəmiçi ilə dava edir. Erməni-kürd birliyi nəticəsində Türkiyə parlamentinə soxulan bu millətçi erməni deputatın hərəkətləri həqiqətən də təxribat xarakterlidir. XXI əsr Türkiyəsində türklərə qarşı parlamentdə erməni deputatın milli heysiyyata toxunan çıxışlarını dinlədikcə, XX əsrin əvvəlində Türkiyə dövlətinə xəyanət edən bu millətin həyasızlığını təsəvvür etmək olur. Tələt paşa bunları deportasiya etməyib də nə etməliydi? Karo Paylanın deputat toxunulmazlığının qaldırılması ədalətli qərar ola bilərdi.
 

Milli.Az