Rusiyanın ən böyük müsəlman nəşriyyatının qurucusu saxlanıldı

30 Aprel 2021 14:59

Moskvada Rusiyanın ən böyük müsəlman nəşriyyatı "Ümmət"in qurucusu Aslambek Ejayev İŞİD terror təşkilatını maliyyələşdirmək ittihamı ilə həbs olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

İstintaqa görə, Ejayev 2012-ci ildən etibarən İŞİD üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərini aldığı qarşı tərəflərlə dəfələrlə gizli görüşlər keçirib.

"Daha sonra Ejayev Rusiyada terror cinayətləri törətdiyinə görə axtarılan şəxslərə 34 milyon rubldan çox pul köçürüb",- deyə məlumatda qeyd olunub.

A. Ejayevin bağ evlərində və mənzillərində aparılan axtarışlar zamanı terrorçuları maliyyələşdirmək üçün istifadə olunan bank kartları, məlumat ötürülməsi üçün nəzərdə tutulmuş texniki vasitələr, qadağan olunmuş ədəbiyyat və digər ekstremist atributlar aşkar edilib. Bundan əlavə, onun yaxın qohumlarından birinin narkotik vasitələrin istehsalı üçün laboratoriyaya sahib olduğu məlum olub.

Ona qarşı ittiham elan olunub və məhkəmə qərarı ilə nəzarətə götürülüb.

Açıqlamada bildirib ki, Rusiyanın ən böyük müsəlman nəşriyyatı olan "Ümmət" Rusiya Ədliyyə Nazirliyinin qadağan etdiyi ekstremist xarakterli və "dünya xilafəti" fikrini təbliğ edən kitabların nəşrini həyata keçirib.

Milli.Az