Professordan Hindistan ştammına dair QORXUNC PROQNOZ - Bizi nə gözləyir?

30 Aprel 2021 21:54

Qardaş Türkiyədə artıq 5 nəfərdə koronavirusun Hindistan ştammı aşkar olunub. Hindistanda ağır nəticələrə səbəb olan ştammın digər ölkərədə yayılması ciddi təşviş yaradıb. Cüt mutasiyalı Hindistan variantının COVID-19 peyvəndi olanlara və infeksiyanı keçirənlərə də təsir etməsi barəsində məlumatlar var. İddia olunur ki, vaksindən və yoluxmadan sonra orqanizmdə yaranmış antikorlar Hindistan ştammı qarşısında müdafiəsizdir.

Milli.Az xəbər verir ki, türkiyəli infeksionist, professor Zafer Kurugöl Hindistan variantının digərlərindən fərqli olaraq ikiqat mutasiyaya sahib olduğunu bildirib. Həkimin sözlərinə görə, Hindistanda meydana mutasiyanın nə qədər təhlükəli olması barədə hələ dəqiq bir fikir söyləmək mümkün deyil:

"Hindistan ştammının vaksin olunan və virusa yoluxub sağalan insanlara mənfi təsir edəcəyindən çox narahatıq. Şəxs vaksin olunmasına və xəstəliyi keçirtməsinə baxmayaraq, yaranmış antikorların qoruyuculuğu effektivliyini itirə bilər. Qorxuruq ki, bu insanlar təkrar infeksiyaya yoluxa və ya hind ştammına qarşı müqavimət yaranmaya bilər. Hər halda bu şübhələrin nə dərəcədə həqiqətə uyğun olduğu bəlli deyil, qiymətləndirmələr davam edir. Ümid edirəm ki, zənn edildiyi kimi olmaz, amma olmaq ehtimalı var. Çünki Hindistanda çox sürətlə yayıldığını və ağır nəticələrə səbəb olduğunu gördük. İnfeksiyanı təkrar keçirənlər də var. Odur ki, vəziyyət gərgindir".

Professor bildirib ki, vaksinasiya işləri sürətləndirilməzsə, yeni mutasiyalar ortaya çıxmağa davam edəcək:

"Mutasiyaya uğramaq virusun lehinə işləyir. Mutasiyaya uğramaqla virus özünü peyvəndə qarşı qoruyur, bəzilərinin müdafiəsini gücləndirir. Təəssüf ki, peyvəndlərin Hindistan ştammına qarşı effektsiz olma riski var. İngiltərədə, Cənubi Afrikada, Kaliforniyada da virusun yeni ştammları meydana gəlmişdi, amma bu, ilk murtasiyalarla müqayisədə daha qorxuludur. İngiltərə ştammı çox sürətli yayılan variant idi, amma həm vaksin, həm də xəstəliyi keçirənlər üçün hər hansı risk faktoru mövcud deyildi. Hindistan ştammının isə daha ciddi fəsadlara səbəb olacağı proqnozlaşdırılır.

Kifayət qədər peyvəndlənmə aparılmazsa və kütləvi immunitet təmin edilməzsə, infeksiya yoluxmağa davam edəcək və yeni variantlar ortaya çıxaraq peyvəndlərin daha az təsirli olmasına səbəb olacaq".

Türkiyədəki qapanmalardan söz açan həkim bildirib ki, bu, yoluxma və ölüm sayını azaldacaq:

"17 gün sonra vəziyyəti yenidən dəyərləndirmək lazımdır. Yoluxma sayında istənilən nəticə əldə olunarsa, testlərdə pozitivlik səviyyəsi aşağı düşərsə, o zaman sərt qapanmalar yumşaldıla bilər. Qapanmalar Hindistan variantı kimi, digər mutasiyaların da qarşısının alınmasında effektiv olacaq. Dövlətin yerinə yetirməli olduğu tək iş vaksinasiyanın sürətləndirilməsidir. Hər kəs çox fədakarlıq göstərir. İstər iqtisadi, istərsə də psixoloji baxımdan 84 milyon insan əziyyət çəkir. Ölkə vaksin tədarükü mövzusunda da əlindən gələnir edir. Amma vaksin ehtiyatı barədə problemlər var.

Qapanma ilə birlikdə vaksinasiya işləri sürətlənərsə, İsrail kimi nailiyyət eldə edərik. Turizm mövsümünü də xilas edə bilərik, amma bunun üçün tələsməliyik. 17 günlük qapanma yetməyə bilər, uzadılmasının lazım olduğunu düşünürəm. Bəzi müəssisələrin fəaliyyəti davam edə bilər, amma hər yeri birdən açsaq, nəticələri ağır olar". (publika.az)

Milli.Az