Rəsmi Moskva "dost olmayan ölkələrin" siyahısını dərc edəcək

28 Aprel 2021 14:29

Moskva "dost olmayan ölkələrin" siyahısını dərc etməyə hazırlaşır.

Mİlli.Az xəbər verir ki, Rusiya hökuməti yaxın vaxtlarda dost olmayan ölkələrin siyahısını təqdim edəcək: "...meyarlar aydındır, gözləmək çox çəkməyəcək", - xarici işlər naziri Sergey Lavrov RİA Novosti-yə verdiyi müsahibədə belə deyib.

"İzvestiya" qəzetinin mənbələri siyahıya Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın artıq bəhs etdiyi ABŞ-la yanaşı, Böyük Britaniya və Baltikyanı ölkələrin də daxil olacağını söyləyib.

"Vəziyyətdən xəbərdar olan mənbələrdən birinin verdiyi məlumata görə, siyahıda ABŞ, Polşa, Çexiya, Litva, Latviya, Estoniya yer alacaq. Digər bir "İzvestiya" mənbəsi siyahıya Böyük Britaniya, Kanada, Ukrayna və Avstraliyanın da daxil ediləcəyinin olduqca mümkün olduğunu əlavə edib",- deyə qəzet yazır.

Ötən həftə Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, Rusiyaya qarşı "dost olmayan hərəkətlər" edən dövlətlərin Rusiya vətəndaşlarını işə götürmək hüququ məhdudlaşdırılacaq. Onların sayı kvota ilə müəyyən ediləcək.

Milli.Az