Zərif general Süleymani haqqında dediklərinə görə üzr istədi

2 May 2021 22:33

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif iranlı iqtisadçı Səid Lilyazla söhbəti zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı general Qasım Süleymani ilə bağlı dediklərinə görə ailəsindən üzr istədi.

Milli.Az "Mehr" xəbər agentliyinə istinadən bildirir ki, Zərifin sözlərinə görə, İranda siyasi dairələrdə rezonans doğuran ifadələr bəzi qüvvələr tərəfindən siyasi alət kimi istifadə olunur.

Xatırladaq ki, Cavad Zərif söhbətində Suleymaninin Qərblə danışıqlar prosesini sabotaj etmək üçün Rusiya ilə əməkdaşlıq etdiyini, həmçinin Suriyada davam edən vətəndaş müharibəsində Tehranın maraqlarını zədələyən siyasət apardığını, bununla da İranın diplomatik nüfuzuna xələl gətirdiyini bildirib.

O, Rusiyanın razılaşmanın uğurlu olmasını istəmədiyini, bunun Tehranın Qərblə münasibətləri normallaşdırması ilə nəticələnəcəyini və bu səbəbdən Moskvanın bütün gücü ilə razılaşmaya əngəl yaratmağa çalışdığını əlavə edib.

Milli.Az