Milli QHT Forumu bəyanat yaydı - Baydenə etiraz

26 Aprel 2021 12:50

Azərbaycan Milli QHT Forumu Cozef Baydenin "erməni soyqırımı" ifadəsini işlətməsi ilə bağlı bəyanat yayıb.

Milli.Az-ın məlumatına görə, bəyanatda deyilir: "Azərbaycan Milli QHT Forumu olaraq, ABŞ Prezidenti Cozef Bayden 1915-ci ildə qondarma "erməni soyqırımı" ilə bağlı siyasi motivlər daşıyan və bölgədəki yeni bərqərar olunmuş sülhə və əməkdaşlığa zərər gətirən açıqlaması bizdə təəssüf hissi yaradır.

ABŞ Prezidentinin radikal erməni dairələri və anti-Türkiyə qruplaşmalarının təzyiqi altında 1915-ci il hadisələrinə dair bəyanatı qəbul edilməzdir. Türkiyəyə qarşı qarşı təhrif olunmuş tarixi ittihamların silahlandırılması yalnız cəmiyyətlər arasında nifrət, intiqam və düşmənçilik hisslərinə həvəs göstərmək istəyənlərin əlində oyna çevrilməsinə yaradılan şəraitdir.

Türkiyə dövləti, dəfələrlə Ermənistana və dünya dövlətlərinə həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə çağırış etmişdir. Lakin Ermənistan bu təklifi qəbul etməmişdir. Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. 1918-ci ilin mart ayından başlayaraq Azərbaycanın müxtəlif şəhərlərində 50 mindən çox türk-müsəlman qətlyam edilməsi, son 30 ildə Ermənistan silahlı qüvvələri tərəfindən 30 mindən çox dinc azərbaycanlı əhalinin öldürülməsi, o cümlədən 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədilməsi, əhaliyə qarşı soyqırımı aktları təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir.

Tərkibində 700-dən çox QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq hər zaman qardaş Türkiyənin yanında olduğumuzu bildirir və ABŞ Prezidenti Cozef Baydenin qondarma "erməni soyqırımı" məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirik. Bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdiddir".

Milli.Az