Qonşu qonşu olsa...
14 Fevral 2012 03:00
Bir başqa deyim də belədir ki, "ev alma, qonşu al". "Qonşu qonşunun külünə möhtacdır", "...qonşun pisdir, köç qurtar", "qonşuda bişər, bizə də düşər" və bu kimi onlarla atalar sözü, məsəllər hər birimizin istifadə etdiyi sözlərdir. Bu gün qonşuluq anlayışı bizi o qədər də qane etmir. Zamanla aşınmaya məruz qalan digər adətlər kimi qonşuluq da yavaş-yavaş əhəmiyyətini itirməkdədir.
Qonşuluq nədir?
İnsanların həm fiziki, həm də psixoloji cəhətdən sağlam formada yaşaya bilməsi üçün ictimai münasibətlərə ehtiyacı var. Qonşuluq, yaşadığımız yerin mədəniyyətini əks etdirən əhəmiyyətli bir göstəricidir. Qonşuluq bölgədən bölgəyə, cəmiyyətdən cəmiyyətə müxtəlif formalarda təzahür edən bir anlayışdır. Ümumiyyətlə, bütün cəmiyyətlər qonşuluğun nə qədər əhəmiyyətə malik olduğunu yaxşı bilir.
Qonşuluq əlaqələri daha çox kənd, qəsəbə kimi kiçik yaşayış məntəqələrində daha mehriban qurulur. Bu, bir tərəfdən ictimai həmrəylik baxımından vacibdir, digər tərəfdən ailələrin rahatlıq və güvən içində yaşamaları baxımından da əhəmiyyətlidir. Çünki, yaxınlığında sənin üçün hər şeyə hazır olan qonşunun olduğunu hiss etmək insana güvən, rahatlıq verir.
Yaxşı qonşuluq əlaqələri xoşbəxtlik və sevincin paylaşılmasında olduğu qədər çətinlik və kədərin dəf edilməsində də bir yerdə olmaq deməkdir. Yaxşı qonşu, qonşusunu özü kimi görən, evini öz evi bilən, ailəsini öz ailəsi kimi sevəndir.
Yadıma gəlir ki, biz uşaq olanda küçədə, həyətdə oynayanda aclığımızı hiss edən zaman yemək üçün məhz öz evimizə girmirdik, hansı qonşunun qapısının önündə oynayırdıqsa, elə o qonşu da bizi yedirir, içirirdi. Evdə valideynimiz də narahat olmurdu, hamı bilirdi ki, nahar vaxtıdırsa, heç birimiz küçədə ac qalmırıq, hansı qonşu olur olsun, mütləq yedirdəcək.
Uzaq qohumdan yaxın qonşu yaxşıdır?
Son dövrlərdə insanların sürətlə kəndlərdən, qəsəbələrdən iri şəhərlərə axışması bizə yenilik, müasirlik gətirdi, amma bu müasirlik qonşuluq əlaqələrinə dəyişiklik də "bəxş etdi". Urbanizasiya özü ilə ictimailəşmə gətirsə də, bir yadlaşma da gətirir. Şəhər mühitində demək olar ki, qonşuluq münasibətləri olmur. Eyni binada yaşayan, eyni mərtəbəni paylaşan, eyni pillələri çıxan qapıbir qonşular bir-birini tanımır, qarşılaşanda bir quru salam da vermirlər.
İnsan, həyatını davam etdirə bilmək üçün, yaşamaqdan zövq almaq üçün, sevincini, kədərini bölüşə bilmək üçün, insanlıq etmək və insanlıq görmək üçün qonşuya həmişə ehtiyac duyur. İnsanların ən böyük ehtiyacı olan isti münasibət də çox vaxt yaxın qonşulardan gəlir. Nahaq yerə deməyiblər ki, "yaxın qonşu, uzaq qohumdan yaxşıdır".
Mədəniləşdikcə yadlaşırıq. İndi insanlıq ibtidai quruluş zamanındakı insanlığa bənzəməyə başlayıb. O zamanlar insanları ov ovlamaq, yaşamaq üçün mübarizə aparmaq maraqlandırırdı, indi hamımızı yalnız bir şey maraqlandırır - daha çox pul, sərvət qazanmaq. İndi birinci düşündüyümüz məsələ öz mənfəətimizdir, düzdür, ara-sıra kiməsə əl tuturuq, kömək edirik, amma etiraf edək ki, hamımız üçün özümüz birincilik əhəmiyyəti daşıyır. İndi bizim qonşumuz televizordakı yadlardır. Qapıbir qonşumuzla nə sevincimizi bölürük, nə kədərimizi...
Qonşuluq niyə "ölüb"?
Qonşuluq əlaqələrinin müsbət istiqamətdə dəyişdirmək olmasa da, heç olmasa, mənfi istiqamətlərinin qarşısını almaq mümkündür. Bunun üçün qonşuları narahat edəcək davranışlardan, evin içində olsa belə yüksək səslə danışmaqdan, televizor, radio kimi cihazlarımızın səsini yüksəltməkdən və səs-küy salmaqdan qaçmaq lazımdır.
Qonşuluq əlaqələri keçmişdəki kimi möhkəm olmasa da, indi də ölkəmizin kənd və qəsəbələrində möhkəm olaraq qalmaqdadır. Bizim cəmiyyətin insanları yaxşılıq dediyimiz məfhumu heç vaxt unutmurlar, ehtiyacı olduğu anda qonşuya etdiyin kömək də ömür boyu unudulmaz. Ölkəmizin bir çox bölgəsində qonşuluq mədəniyyəti qədimliyini qoruyub saxlamaqdadır. Toylarda birlikdə əylənilir, yaslarda birlikdə yas tutulur, bir qonşunun evində bişəndən digərinə də pay gedir.
Zaman keçdikcə qonşuluq anlayışı evlərdən və küçələrdən uzaqlaşır, amma o, hündürmərtəbəli evlərdəki mənzillərin qapısına belə, yaxınlaşa bilmir. Hər birimiz qapımızı möhkəm-möhkəm bağlayıb otururuq evimizdə, qapı zəngi çalınanda gözlükdən baxırıq, gözümüzə inanmırıq, qapıdakını səslə "yoxlayırıq", buna da əmin olmuruq, qapını zəncirdən ayırmırıq, bir gözümüzü qıyıb qapı önündə təbəssümlə bizə baxan və əlindəki payı uzadan qonşumuza təəcüblə baxırıq. Təəccübümüzün səbəbi nadir hallarda rast gəldiyimiz "qonşuluq"dur...
Sosioloq: "Zaman bütün insani dəyərləri məhv edir"
Sosioloq Cəmil Oruclu bildirir ki, qonşuluq əlaqələrinin məhv olması ilk növbədə "müasirləşmək" dediyimiz inkişafla birbaşa bağlıdır: "Qonşuluq uzun müddət bir ərazidə, bir küçədə, bir məhəllədə yaşayan ailələr arasında qurulan sosial münasibətdir. Bu əlaqələr şəhərlərdə daha zəifdir. Bunun bir səbəbi kirayə yaşayan ailələrin tez-tez mənzil dəyişməsidir, hər dəyişilən mənzillə bərabər qonşular da yenilənir, hər yeni qonşuya alışmaq, gediş-gəliş yaratmaq da uzun çəkir.
Digər bir səbəb isə inamsızlıqdır. Qonşusunu tanımayan, haradan gəldiyini, nə işlə məşğul olduğunu bilməyən qonşuluq işlətmək istəmir. Çox maraqlıdır ki, belə olduqda qonşusunu tanımağa cəhd də etmir. Əgər münasibət qurmağa çalışmasan, salam verib salam almasan, necə qonşuluq yaratmaq olar? Hər gün televiziyalar, qəzetlər, saytlar kriminal xəbərlər yayır, zaman ən yaxşı insani dəyərləri yox edib əvəzində cəmiyyətə zərər verən insanlar yetişdirir. İnsanlar haradan bilsinlər ki, qapıbir qonşusu cinayətkar deyil? Ona görə də tədbirli davranmaq məcburiyyətindədirlər".
Sosioloq bildirir ki, qonşumuzla eyni dünyagörüşə malik olmaya da bilərik, qonşumuzun bizimlə eyni dindən və ya inancdan olub-olmaması da vacib deyil. Vacib olan, insani hissləri paylaşa, bölüşə bilməkdir. Hamımız insan olduğumuza görə, bu hiss hamımızda var, bu səbəbdən də münasibətlərin isti olması insanın öz əlindədir. Çatışmayan isə təkcə inamdır...
Lalə Mehralı
Milli.Az