Sorosun “pulunu ver, xoruzu banlat” missionerlərinin içüzü

23 Aprel 2021 13:09

Azərbaycan xarici siyasətində Qərbə inteqrasiyanı əsas prioritetlərdən biri kimi müəyyənləşdirmişdir və bu mənada da ölkəmiz Avratlantik strukturlarla əlaqələrin genişləndirilməsi istiqamətində olduqca mühüm işlər həyata keçirib".

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Soros AŞPA-da maliyyələşdirdiyi və beləliklə də marionet fiqur funksiyasını daşıyan erməni deputatlarının əli ilə Azərbaycanı hədəfə alır:

"Müstəqillik əldə edildikdən sonra Azərbaycanın Avropa Şurası, ATƏT, NATO kimi beynəlxalq təşkilatlarla əlaqələri dinamik inkişaf edib. Bəzi sahələrdə isə hətta strateji əməkdaşlığın təməli qoyulub.  Cənab Prezident İlham Əliyevin Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinə rəhbərlik etdiyi bir vaxtdan nümayəndə heyətimizin fəal işi sayəsində Azərbaycan həqiqətləri, eyni zamanda Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri Avropa ictimaiyyətinə çatdırmaq mümkün oldu. Bu işin nəticəsi olaraq AŞPA  Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər də qəbul etdi ki, bu sənədlərdə Dağlıq Qarabağın ölkəmizin ayrılmaz hissəsi olduğu göstərildi. Bütün bunları əsas tutaraq cənab Prezident hər zaman vurğulayır ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar, çünki səmimiyyət və dostluq qarşılıqlı olmalıdır. Eyni zamanda o da qeyd olunmalıdır ki, AŞPA-ya üzv olmaq da bizim üçün asan olmayıb. Bütün bunlara baxmayaraq güclü və müstəqil bir Azərbaycanın mövcudluğunda maraqlı olmayan və erməni lobbisinin təsiri altında olan bu qurum zaman-zaman bizim haqqımızda əsassız ittihamlar irəli sürüb, bizi əsli və astarı olmayan tənqidlərə məruz qoyub. Bu iclasda da eyni tendensiya müşahidə olundu... Belə ki, bu günlərdə Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçirilir və bu dəfə də Soros AŞPA-da maliyyələşdirdiyi və beləliklə də marionet fiqur funksiyasını daşıyan erməni deputatlarının əli ilə Azərbaycanı hədəfə alır. Bu gün heç kimə sirr deyil ki, Soros "demokratiya" pərdəsi altında cəmiyyətlərə və dövlətlərə sirayət edərək onları öz maraq dairəsinə alır, əl altından onların diqtəsini icra edəcək insanlar yetişdirməklə məşğul olurlar. Lakin cənab Prezident İlham Əliyevin milli maraqları əsas tutması fonunda Azərbaycanda bu cəhdlərin qarşısı alınmış və onların fəaliyyəti qeyri-mümkün hal almışdır". 

Ş.Həsənova deyib ki, qondarma "erməni əsirləri" məsələsini gündəliyə gətirən deputatlar da Sorosun dəstəklədiyi deputatlardır:

"İnqilabı reallaşdırmağa müvəffəq olduğu ölkələrdə Soros onların maddi sərvətlərini talayır, insanlarının isə beynini yuyur...Bu səbəbdən də rəsmi Bakı illər öncə Sorosun tör-töküntülərinin ölkəmizdəki fəaliyyətinə son qoydu. Cənab Prezident özü də dəfələrlə bildirib ki, biz heç bir dövlətin, ya da beynəlxalq təşkilatın diqtəsi ilə deyil, milli maraqlarımızı əsas tutaraq müstəqil siyasət yürüdürük. Diqtə ilə siyasət baş tutmayanda qruplaşma yaratmağa cəhd etdilər ki, qeyd olunduğu kimi bunun da qarşısı alındı. Bu da baş tutmayanda ardınca ölkəmizə qarşı şər-böhtana, qarayaxma kampaniyasına əl atdılar. Bu ərəfədə isə Ermənistanda Sorosun dəstəklədiyi Paşinyan hakimiyyətə gəldi. Paşinyanın hakimiyyəti dövründə Sorosun maliyyələşdirdiyi QHT-lərin nümayəndələri hakimiyyətdə postlar tutmağa başladı. Burada faktlar dilə gəlir. Soros Ermənistanda praktiki olaraq bütün sferaları əhatə edən (KİV, jurnalist araşdırmaları, siyasi təşkilatlar, gənclər siyasəti, insan hüquqlarının müdafiəsi, təhsil, elm və s.) 60 QHT-ni maliyyələşdirməyə başladı. Bu gün də Soros Fondunun Ermənistan hakimiyyəti ilə əlaqələrinin belə sıx olması erməni lobbisi və onun əlaltılarının əl qolunu daha da açaraq anti-Azərbaycan və anti-Türkiyə fəaliyyəti aparması C.Sorosun maraqları ilə uzlaşır. Belə ki, 44 günlük Vətən müharibəsi dövründə mülki şəxslərin öldürülməsinə susan dairələri Hərbi Qənimətlər Parkı o qədər qıcıqlandırıb ki, yenə də ikili standartlar nümayiş etdirirlər. AŞPA-da Soros tərəfindən maliyyələşən deputatlar bu istiqamətdə dünya ölkələrində olan praktikanı və parkları unudaraq Parkın bağlanmasını tələb edirlər. Əsassız tələb irəli sürülən zaman AŞPA-dakı millət vəkillərimiz tərəfindən bu erməni deputatlar dərhal cavab "atəşi" ilə susduruldular. Qondarma "erməni əsirləri" məsələsini gündəliyə gətirən deputatlar da Sorosun dəstəklədiyi deputatlardı. Belə ki, Sorosun "Pulunu ver, xoruzu banlat" deputatları ya unudurlar ya da ümumiyyətlə bilmirlər ki, müharibə bitdikdən sonra ələ keçirilən qruplaşma hərbi əsir yox, terrorçu diversantdırlar...

Bütün bunları əsas götürərək Sorosun siması elə onun öz məhsulu olan N.Paşinyanın avtoritar idarəçiliyində də öz əksini tapır. Belə ki, ölkədə vətəndaş cəmiyyətinə, vətəndaşlara qarşı basqılar həyata keçirilir, aksiyalar zor və güc tətbiq olunaraq dağıdılır, təşkilatçıları isə həbs olunurlar.  Belə ki, bu günlərdə Yerevanda aktiv dəstə Paşinyanın Nazirlər Kabinetinin binasına girişinə mane olmaq üçün özlərini giriş darvazasına qandallasalar da polis dərhal bunun qarşısını aldı və aksiyada iştirak edən hər kəs tutuldu. Ya da bir digər fakt, Paşinyanın Mehri şəhərinə səfəri çərçivəsində etirazla qarşılaşdığı üçün şəhərin meri Mxitar Zakaryan haqqında cinayət işi açıldı. Bütün bunlar əslində Sorosun dəstəyi ilə hakimiyyətə gələn Paşinyan və fundamental olaraq Soros "demokratiyasının" əsl içüzüdür". 

Təhməz Əsədov
Milli.Az