Azad ruhun doğum günü - VİDEO

23 Aprel 2021 11:19

Milli qəhrəman Allahverdi Bağırovu yad edirik

Milli.Az Real TV-ə istinadən bildirir ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür. 29 il sonra biz Allahın verdiyi canı vətənin bağrına basmış qəhrəmanı məzarı önündə yad edə bildik. Vaxtilə Qarabağ futbol klubunda top qovmuş Allahverdi, müharibə başlayanda topa, tüfəngə sarılıb, Qarabağla oynayanlara qarşı mübarizə apardı. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edərək, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub.

Allahverdi Bağırovun səyi nəticəsində 1003 nəfər Xocalı sakini əsirlikdən xilas edildi. Ermənilərin qətlə yetirdiyi yüzlərlə vətəndaşımız Bağırovun sayəsində Ağdam Cümə məscidinə gətirildi. 1992-ci ilin 12 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlıdan geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov, sürücüsü və Nizami adlı həkimlə birlikdə şəhid oldu.

44 günlük şanlı zəfər bizi həm torpaqlarımıza, həm də qəhrəmanlarımızın ruhuna qovuşdurdu. Cümə məscidindən ucalan azan səsi isə Allahverdinin ruhu üçün ən gözəl layladır.

Milli.Az