“Qarabağ xanlığı” kitabı təqdim olundu

28 Aprel 2010 19:09
Tədbirdə çıxış edənlər kitabın məziyyətlərindən, tarixi əhəmiyyətindən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində əvəzsiz mənbələrdən biri olmasından danışıblar.

Diqqətə çatdırılıb ki, Qarabağ xanlığının tarixi bu ərazinin Azərbaycanın əzəli və əbədi torpaqları olduğunu, zaman-zaman mərd, qeyrətli oğullarımızın yurdumuzun müdafiəsi üçün canlarından keçdiyini bir daha sübut edir.

"Sabah" nəşriyyatında yüksək poliqrafik səviyyədə çap edilmiş 330 səhifəlik kitabda XVIII-XIX əsrlər Azərbaycan tarixində çox mühüm rol oynamış Qarabağ xanlığının tarixi ilk mənbələr və müasir elmi ədəbiyyat əsasında ilk dəfə kompleks şəkildə araşdırılıb.

Təqdimat mərasimində çıxış edən müəllif bildirmişdir ki, əsərdə Rusiya arxivlərində saxlanılan materiallardan da geniş istifadə edilib. Kitabda çap edilmiş tarixi sənədlər Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu real faktlarla oxucuya çatdırır. Qarabağ xanlığının tarixi 4 böyük dövrə bölünür və hər bir dövr barədə ətraflı məlumat verilir.

Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddialarının əsassızlığını sübuta yetirən bu kitabın gələcəkdə rus, ingilis və fransız dillərinə tərcümə edilməsi nəzərdə tutulur.

/AzərTAc/