"Dua etməklə iş bitmir, pul lazımdır"

22 Aprel 2021 19:09

Milli.Az xəbər verir ki, əməkdar artist Aybəniz Haşımova yenisabah.az-a müsahibə verib.

- Aybəniz xanım, bəzi müğənnilər pandemiya dövründə Rusiya toy bazarına daxil olan həmkarlarını qınamağa başlayıblar. Siz bu barədə nə düşünürsünüz?

- Bir insan ailəsini saxlamaq üçün nə etməlidir? Əgər onun bacarığı varsa, yaxşı müğənnidirsə, xalq onu tələb edirsə, niyə gedib Rusiyada oxumasın ki? Bəs o müğənni ailəsini nə ilə dolandırsın? Gəlin, məsələyə bir də bu tərəfdən baxaq. Mən və mənim kimi digər müğənnilər ölkədəyik, ölkədən qırağa çıxmırıq və maddi imkanımız yoxdur. Amma bizim imkanımız olsa, ehtiyacı olanlara da yardım edə bilərik. Yardıma ehtiyacı olan nə qədər körpə, xəstə uşaqlarımız var, tək Allaha dua etməklə iş bitmir. Bizə maddi dəstək lazımdır. Əgər özümüz bu imkanı əldə edə bilməyib, başqası edirsə, ona yalnız təşəkkür düşür. Həmin o məşhurlar pandemiya dövründə nə qədər insana maddi kömək edirdilər. Bu həmin müğənninin qisməti, ruzisidir ki, Rusiyadakı toya onu dəvət edirlər.

- İfaçıların bir qismi Rusiyadakı toyların qiymətindən narazılıq edirlər. Orada müğənnilərin daha az qonorar aldığını deyirlər, bu həqiqətənmi belədir?

- Orda müğənnilərə verilən pul azdır, ya çoxdur bunu müzakirə etməyə dəyməz. Belə bir misal var ki, bəy verən atın dişinə baxmazlar. Oradakı həmyerlilərimiz əgər cibindəki pula qıyıb sevdiyi sənətkarı toyuna dəvət edirsə, biz ömür boyu xalqımıza təşəkkür etməliyik və minnətdar olmalıyıq. Çağırmaya da bilərdi, o adamları məcbur edən yoxdur axı filan sənətkarı dəvət elə. Edirlərsə, sağ olsunlar. Dünyanın hansı bir yerində azərbaycanlı yaşayırsa, Allah onları qorusun. Tanrı heç kəsi ruzi ilə sınağa çəkməsin. Ruzi olmayanda adam əli kəsik qalır.

- Aybəniz xanım, həmkarlarınız bizim müğənnilərin orada "göyərti qiymətinə" oxuduqlarını iddia edirlər axı...

- Kimsə pul qazananda mən əksinə daha çox sevinirəm. "Göyərti qiyməti" demiş, göyərti ən gözəl nemətdir. Göyərtini elə ucuzlaşdırmaq lazım deyil. Bu dəqiqə koronavirusdan xilas olmağın ən gözəl yolu məhz elə göyərtidir. Çoxlu göyərti yeyin, vallah, düz deyirəm. Gicirtkan, göy sarımsağı bol-bol yeyin. Bütün günü qabağınıza göyərti qoyub yeyin. Sovet dövründə toylara gedən müğənniyə ümumiyyətlə, əvvəlcədən pul vermirdilər. Bunu sizə şəxsən hadisənin şahidi olmuş, həmin dövrdə oxuyan müğənni kimi deyirəm. 80-ci illərdə Gəncə, Şəmkir bölgələri daha gəlirli yerlər hesab olunurdu. O bölgənin toylarına getmək üçün müğənnilər həsrət çəkib. Toya gələndə müğənni ilə qiymət danışılmırdı, ifaçıya toya gəlmək üçün pul verilmirdi. Toya gəlib oxuyanda məclisdə olanlar gəlib mahnı sifariş edirdilər və heç kimə də qiymət deyilmirdi, kimin qulpundan nə çıxırdısa gətirib verirdi, toyun sonunda da dəstənin rəhbəri həmin yığılan pulları musiqiçilər və müğənni arasında bölüb paylayırdı. Amma indi belə deyil, ən azından müğənni bilir ki, gedib filan toyda oxuyub filan qədər pul qazanacaq

- Bəs sizin özünüzə necə, Rusiya toylarında oxumaq üçün təklif gəlib?

- Mənə təklif gəlsə də gedə bilmirəm. Çünki bu pandemiya dövründə çox nadir hallarda harasa çıxıram.

- Getməməyinizə səbəb nədir?

- Üstünüzə sağlıq, sağlamlığımda uzun müddətdir ki, problem var. Sadəcə bu haqda danışmıram, düşünürəm ki, buna ehtiyac da yoxdur. Belə şeylərlə insanlarımızı yormaq istəmirəm. Məsələ belədir ki, əgər mən koronavirusa yoluxsam, ondan sağ qurtulmayacam. Ona görə çalışıram ki, bacardığım qədər özümü qoruyum. Efirlərə də çox az çıxıram. Əvvəllər tələbələrimə görə daha tez-tez çıxırdım, çünki onlar gəncdirlər, tanıtmaq lazımdır. Lakin indi onları da qorumaq məcburiyyətindəyəm. İnanın, müsabiqələrə belə onlayn şəkildə qatılırıq. Dərslərimi onlayn keçirəm. Günün 8 saatını onlayn dərslərdə oluram.

- Bəs bütün günü dörd divar arasında oturmaqdan sıxılmırsınız?

- Anamı görməkdən ötrü ürəyim gedir, amma qorxuram. Çünki bir-iki dəfə də olsa, cəmiyyət arasına çıxıram. Fikirləşirəm ki, birdən yoluxmuş olaram, yaxud daşıyıcı olaram, anamı, yaxud qohum-əqrəbamı xəstələndirərəm. Çünki mən kəndə gedəndə bütün qohumlar gəlirlər, yığışırlar, məni çox istəyirlər. Bax belə ehtiyyatla, dua edə-edə yaşayıram. Dua edirəm ki, Allah millətimizi qorusun, tez bir zamanda bu bəla getsin, əvvəlki həyatımıza qayıdaq.

Milli.Az