Azərbaycanda şok olay: Qadın ərinin dostuna qoşulub qaçdı, atası... - Təfərrüat

22 Aprel 2021 13:04

1959-cu il təvəllüdlü Quba rayon sakini Məhərrəm İmanquliyev qısqanclıq zəminində qızı Zeynabi rayonun Barlı kəndində olan evində boğaraq öldürüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Məhərrəm 31 oktyabr 2020-ci ildə saat 22 radələrində ərinə başqa kişilərlə xəyanət edərək boşandıqdan sonra onunla bir evdə yaşayan qızı Zeynabin həyətdəki ayaqyolunda mobil telefonla kiminləsə xəlvəti şəkildə danışdığını eşidib.

Məhərrəm söhbətin sonunu gözləyib, qızı ayaqyolundan çıxdıqdan sonra ondan kiminlə danışdığını soruşub. Zeynab hər hansı şəxslə danışdığını inkar edib. O, qızının telefonla danışmasına əmin olduğu üçün onu evin içərisinə apararaq üst-başını yoxlyıb və alt paltarından "Samsung" markalı mobil telefonu aşkar edib.

Məhərrəm qızının əvvəllər də oxşar hərəkətlərə yol verdiyinə görə kənd camaatı arasında şəxsi nüfuzunun ləkələndiyini düşünərək hiddətlənib. O, doğma qızını boğaraq öldürüb.

"Qızım ər evindən qaçdı"

İstintaq orqanı tərəfindən Məhərrəm İmanquliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm İmanquliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Quba rayonunun Barlı kəndindəki evində həyat yoldaşı Gülzarə, oğlu Elvin və mərhum qızı Zeynabla birlikdə yaşayıb: "Zeynab təxminən 2010-cu ildə Xaçmaz rayonunun Qədəşoba kənd sakini Sədullanın oğlu Vasiflə ailə həyatı qurdu və birgə nikahlarından 2 uşaqları oldu.

2017-ci ildə Zeynab ər evindən qaçdı, sonra da telefonla müxtəlif şəxslərlə danışdı. Hətta bir neçə dəfə əri Vasif onun telefonunda yad kişilərin nömrəsini gördü, və buna görə Zeynabı boşadı.

Zeynab evdən qaçan vaxt ondan hara getməsini soruşduqda, yalandan parkda olmasını desə də, əslində tanıdığı hansısa kisi ilə qaçaraq getmişdi. Zeynabın bu hərəkətlərinə görə boşanmasına etiraz etmədim. Bütün səhvlərin qızımda olduğunu gördüm.

Boşandıqdan sonra Zeynabı öz evimə gətirdim. Uşaqlar isə Vasifin evində qaldı. Zeynabı evinə gətirərkən ona davranışına fikir verməyini, ər evində etdiyi xoşagəlməz hərəkətləri təkrarlamamağı, məni camaat arasında biabır etməməyi tapşıraraq nəsihətlər verdim. Zeynab da söz verdi, eyni hərəkətləri təkrarlamayacağını bildirdi".

"Bağdan meyvə yığmasına icazə vermişdim"

Məhərrəm İmanquliyevin sözlərinə görə, buna baxmayaraq Zeynab yenə xoşagəlməz hərəkətlərini davam etdirib: "Bir neçə dəfə evdən qaçdı, hətta bir dəfə yatdığı otağın pəncərəsinin dəmir barmaqlığını gecə vaxtı sökərək evdən getmişdi. Həmin vaxt uzun müddət evə qayıtmadı. Bununla bağlı Quba rayon polis şöbəsinə məlumat verdim.

Təximnən 1 ay sonra Zeynabın Xaçmaz rayonunun Müzəffəroba kənd sakini Bayram adlı şəxslə birlikdə qaçdığı mənə məlum oldu. Zeynabı tənbeh edərək eyni hərəkətlər etməməsini, həmin hərəkətlərinə görə kənd camaatı arasında biabır olduğumu deyərək yenə də bağışladım.

Zeynab boşanaraq evimə gələndə telefonu olmayıb. Başqa kişilərlə danışmaması üçün ona telefon işlətməyə icazə verməmişdim. Zeynaba yalnız qardaşı ilə birlikdə bağlarda meyvə yığmasına icazə vermişdim".

"Alt paltarından telefon tapdım"

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü, saat 21 radələrində oğlu Elvinlə həyat yoldaşı Gülzar evdə hamam olmadığına görə yuyunmaq üçün qonşuluqda yaşayan mərhum qardaşı Həsəngilə gedib: "Mən isə qızım Zeynabla birlikdə evdə qaldım. Zeynab talvarın altında kələm doğrayırdı. Ayaqyoluna getmək üçün talvarın altına keçdikdə Zeynabın orada görmədim.

Bu zaman ayaqyolundan qızımın səsi gəldi. Yaxınlaşdıqda Zeynabın kiminləsə telefonla danışdığını eşitdim. Ayaqyolundan çıxdıqda ondan kiminlə danışdığını soruşdum. Heç kəslə danışmadığını bildirdi. Ona hər şeyi eşitdiyimi, yalan danışa bilməyəcəyini söylədim. Zeynabı evin içərisinə apararaq telefonu tələb etdim.

Zeynab telefonu olmadığını deyəndə üzərini axtardım və alt paltarından telefonu çıxardım. Bundan əsəbləşərək onun məni kənd camaatı arasında hörmətdən saldığını, biabır etdiyini düşündüm. Bu səbəbdən Zeynabı öldürmək qərarına gəldim. Onu tutaraq yerə yıxdım. Əlimdən qaçmaması üçün sinəsi üstündə oturdum və qollarını dizlərimin altına alaraq əllərimlə boğazından sıxıb boğdum.

Zeynabın xırıldadığını eşitdim. Ayağa qalxdım, sağ ayağımla Zeynabın boğazından möhkəm sıxaraq onu öldürdüm".

"Demişdim ki, əxlaqsızlıqla məşğul olmasın"

Məhərrəm İmanquliyev bildirib ki, qızını öldürdükdən sonra evdən çıxıb və qardaşıgilə tərəf gedib: "Orada həyat yoldaşımı və oğlumu səsləyərək evə çağırdım, Zeynabın meyitini göstərərək onu öldürdüyümü dedim. Yoldaşım və oğlum ağlayaraq Zeynabın qollarını və ayaqlarını əlləri ilə yoxladılar, bədəninin isti olduğunu deyərək təcili tibbi yardım çağırmaq istədilər. Onlara artıq Zeynabın öldüyünü bildirdim.

Sonra da Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etdim, hadisə barədə məlumat verdim. Ardınca kəndin bələdiyyə sədri Kərimə və qardaşım oğlu Nadirə zəng etdim. Onlara Zeynabı boğaraq öldürdüyümü dedim.

Zeynabı başqa kişilərlə danışdığı üçün öldürmüşəm. Ona bir neçə dəfə demişdim ki, əxlaqsızlıqla məşğul olmasın. Törətdiyi cinayət əməlimdən peşmanam".

"Qızım ərinin dostu ilə qaçdı"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində Zeynabın anası, təqsirləndirilən şəxsin həyat yoldaşı Gülzar İmanquliyeva ifadə verib.

O, bildirib ki, 2017-ci ildə qızı Zeynab əri Vasif evdə olduğu halda ərinin Xaçmaz rayonunun Müzəffəroba kəndindən olan dostu Bayramla gizlindən telefonla danışıb: "Həmin vaxt Vasif Zeynabın telefonla danışmasını eşidib və telefonu onun əlindən alarkən dostu Bayramla danışdığını görüb. Zeynab də özünü öldürəcəyini deyərək Vasifi qorxudub.

Buna görə Vasif Zeynabı bağışladı. Lakin bundan sonra Zeynab Bayrama qoşularaq evdən qaçaraq getdi. 3 gün sonra tapıldı. Yenə də Vasif Zeynabı bağışladı. Zeynab Bayramla münasibətlərini kəsmədiyindən 2018-ci ildə Vasif onu məhkəmə qaydasında boşadı".

"Zeynabı tək harasa getməyə qoymamışıq"

Hüquqi varisinin ifadəsinə görə, bundan sonra həyat yoldaşı Məhərrəm Zeynabı evə gətirib və onu bağışlayaraq bir daha eyni hərəkətlərə yol verməməyi tapşırıb: "Zeynab ilk vaxtlar özünü yaxşı aparsa da, bir müddət sonra evin pəncərəsinin dəmir barmaqlığını çıxararaq evdən qaçdı. Həyat yoldaşım Zeynabın evdən qaçması ilə bağlı Quba rayon polis şöbəsinə müraciət etdi.

Bir müddət sonra Quba rayon polis şöbəsinin əməkdaşları Zeynabın Bayramla birlikdə Köhnə Xaçmaz adlı yerdə olduğunu müəyyən etdilər. Bütün olanlara baxmayaraq Məhərrəm Zeynabı yenə də bağışlayaraq bir daha belə bir hərəkət etməməsini, onu kənd camaatı arasında biabr etməməsini tapşıraraq təhbeh etdi.

Ərim qızımın Bayramla, o cümlədən, hər hansı başqa şəxslə telefonla danışaraq qaçacağını ehtimal etdiyi üçün ona telefon işlətməyə icazə vermədi. Zeynaba yalnız qardaşı Elvinlə birlikdə bir neçə dəfə bağlardan meyvə yığmağa gedib. Zeynabı tək harasa getməyə qoymamışıq".

"Qızımı öldürsə də, şikayətim yoxdur"

Gülzar İmanquliyevanın bildirdiyinə görə, evlərində hamam olmadığından hadisə baş verən günü saat 21 radələrində yuyunmaq üçün oğlu Elvinlə mərhum qaynı Həsəngilin evinə gedib: "Zeynabla Məhərrəm isə evdə qaldı. Zeynab talvarın altında kələm doğramaqla məşğul olub, Məhərrəm isə televizora baxıb. Təxminən 1 saatdan sonra Məhərrəm gələrək məni və oğlumu evə çağırdı.

Məhərrəm hər gün axşam çayxanaya getdiyinə görə Zeynabı evdə tək qoymamaq üçün bizi çağırdığını düşündüm. Birlikdə evə gəldik. Evə daxil olanda Zeynabın harada olduğunu soruşdum. Məhərrəm Zeynabın mətbəxdə olduğunu dedi. Mətbəxə keçəndə Zeynabın yerdə uzanıqlı və hərəkətsiz olduğunu gördüm. Nə baş verdiyini soruşdum.

Məhərrəm Zeynabı ayaqyolundan telefonla danışan yerdə tutduğunu, telefonu əlindən aldığını, Zeynabın artıq düzəlməyəcəyini gördüyünü, onu əlləri ilə boğaraq öldürdüyünü dedi. Hadisə baş verən zaman evdə olmamışam. Məhərrəm həyat yoldaşımdır, qızımı öldürsə də, ona qarşı heç bir şikayətim yoxdur".

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhərrəm İmanquliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Milli.Az