Rusiya parad keçirmək istəyirdisə, icazə almalı idi - Elçin Alıoğlu - VİDEO

21 Aprel 2021 17:19

Rusiya sülhməramlılarının Azərbaycan üçün sakral məna daşıyan Xocalıda, erməni işğalçılarının amansızlıq qətlə yetirdiyi vətəndaşlarımızın sümükləri üzərində parad keçirməsi etikaya sığan məsələ deyil.

Milli.Az bildirir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında araşdırmaçı jurnalist Elçin Alıoğlu deyib. O bildirib ki, Rusiya Müdafiə Nazirliyi indiyədək dünyanın müxtəlif ölkələrində sülhməramlılarının olduğu areallarda Qələbə Günü olarkən kiçik paradlar keçirib:

"Rusiyanın Qarabağda parad keçirməsinin siyasi demarş olduğunu düşünmürəm. Amma Rusiya parad keçirmək istəyirdisə, Azərbaycandan icazə almalı idi. Bu parad Qarabağ ermənilərinə rus sülhməramlıların onları qorumasını göstərən mesajdır".

E. Alıoğlu qeyd edib ki, Rusiya Qarabağda parad keçirməklə Cənubi Qafqaza nəzarət etməsi barədə fikir yaratmağa çalışır:

"Hər şeyi açıq demək lazımdır ki, Rusiya Qarabağda mümkün qədər çox qalmaq istəyir. Onların məqsədi müəyyən mənada Qarabağda hərbi baza yaratmaqdır. Ruslar daxil olduqları ərazilərdən çox çətinliklə çıxırlar. Amma Qarabağdan çıxacaqlarına şübhəm yoxdur. Çünki sülhməramlıların sülhü qorumaq istiqamətində müsbət addımları ilə yanaşı, tamamilə yolverilməz addımları da olub".

Milli.Az