Prezident İlham Əliyev ATU-nun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
28 Aprel 2010 18:34
"AzərTAc" dövlət agentliyinin yaydığı Sərəncamda deyilir ki, 2010-cu ildə ölkəmizin zəngin ənənələrə malik ali təhsil müəssisələrindən olan Azərbaycan Tibb Universitetinin yaradılmasının 80 illiyi tamam olur: "Ötən illər ərzində respublikamızda təbabətin ən müxtəlif sahələrində yüksək hazırlığa malik kadrların yetişdirilməsində və mötəbər elmi mərkəz kimi tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamış Azərbaycan Tibb Universiteti milli səhiyyənin inkişafına layiqli töhfələr vermişdir".
Dövlət başçısı respublikamızda təbabət sahəsində xidmətlərini nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alır ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.
Milli.Az