Çində kinoteatrların 4 aylıq kassa yığımı 3 milyard dolları ötüb

21 Aprel 2021 20:20

Çində ilin əvvəlindən indiyədək kinoteatrların kassa yığımı 20 milyard yuanı (təxminən 3 milyard ABŞ dolları) ötüb. Bu rəqəm demək olar ki, ötən il üzrə ümumu rəqəmə bərabərdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çin istehsalı olan "Salam, ana" və "Detektiv Çin şəhərciyi 3" komediyaları cari il üzrə kassa yığımının tam yarısını təmin edib. Aktyor Cia Linin ilk rejissorluq işi olan "Salam, ana" filmi 830 milyon dollar kassa yığımı əldə edib. Bu rəqəm dünyada qadın rejissor tərəfindən çəkilən və ən çox kassa yığımına malik olan amerikalı Petti Cenkinsin "Möcüzə-qadın" fantaziya filmini geridə qoyub.

Bildirilir ki, bu il Çində ən çox kassa yığımı olan 10 filmdən 9-u yerli istehsaldır.

Qeyd edək ki, son illər Çinin kino sənayesi sürətlə inkişaf edir. Ötən il Çin kinoteatrların ümumi kassa yığımı üzrə dünyada birinci olub və bütün planet üzrə kassa yığımının 25 faizi Çinin payına düşüb. Çində fəaliyyət göstərən kinoekranların sayı ötən il 5,4 faiz çoxalıb.

Milli.Az