New Shepard-ın son uçuş testi keçirildi

22 Aprel 2021 23:15

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testini keçirdib. Qeyd etmək lazımdır ki, sözügedən raket kosmosa sərnişin daşınması üçün nəzərdə tutulub. Son test uçuşu problemsiz yekunlaşıb. Şirkətin verdiyi məlumata əsasən Yer kürəsinin orbitinə daimi uçuşların reallaşdırılmasına az müddət qalıb. Raket Qərbi Texasda yerləşən poliqondan start götürüb. 106 km hündürlüyə qalxandan sonra BE-3 adlı bir ədəd mühərrikə sahib sürətləndirici blok sərnişin modulundan ayrılıb və maksimal dərəcədə hamar eniş prosesini sərgiləyərək uğurlu şəkildə eniş edib.

New Shepard

Şirkət təmsilçiləri bildiriblər ki, son test uçuşu üçün real insanlardan ibarət heyət hazırlansa da nəticədə sərnişin modulunun daxilinə ötürücülər ilə təchiz olunmuş maneken yerləşdirilib. Test uçuşunun startından 10 dəqiqə sonra isə sərnişin modulu özünün paraşüt sistemi vasitəsilə uğurla eniş edib. Şirkətin sözlərinə əsasən son test uçuşunun uğurla keçməsi turistlərin kosmosa göndərilməsinin yekun hazırlığını sübut edir. Buna baxmayaraq şirkət hələ ki, ilk turistik uçuşun nə zaman reallaşdırılacağını elan etməyib. Blue Origin-in sözlərinə əsasən bu artıq yaxın zamanda baş tutacaq.

Milli.Az