“Microsoft Edge” brauzerində uşaq rejimi əlçatan olub

22 Aprel 2021 23:10

"Microsoft" korporasiyası tərəfindən "Edge" brauzeri üçün təqdim edilmiş yeni uşaq rejiminin sayəsində uşaqlar internetdən təhlükəsiz şəkildə istifadə edə bilərlər.

Milli.Az ted.az-a istinadən bildirir ki, ödənişsiz olan yeni seçim "Microsoft Edge" brauzerinə quraşdırılıb. Bu rejim aktivləşdirildikdə uşaqlar yalnız valideynlər tərəfindən təsdiqlənmiş sayt və ya o resurslara daxil ola biləcəklər. Bu resurslar uşağın yaşından asılı olaraq tənzimlənə bilər. İndi "Edge" brauzerində iki variant əlçatandır: 5-8 yaş və 9-12 yaş. İkinci variantda brauzer uşaqlar üçün heyvanlar, elm və əyləncəli faktlar kimi mövzularda daha maraqlı məqalə və xəbərlər təqdim edir.

Valideynlər brauzerin pəncərəsinin sağ yuxarı küncündə profilin xüsusi ikonkasına sıxaraq uşaq rejimini seçə bilərlər. "Kids Mode" rejimi, həmçinin proqramın interfeysini dəyişdirərək onu daha parlaq edir. Uşaqlar rejimi təsadüfən dəyişdirə bilməyəcəklər, çünki bunun üçün valideynlərə məxsus hesab məlumatlarını daxil etmək lazımdır.

Milli.Az