Zəngəzur dəhlizində təxribat olarsa, müharibə başlayacaq - Politoloq - VİDEO

17 Aprel 2021 16:16

Ermənistanın təxribatçı addımları bölgədə müharibə riskini artırır.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

"Ermənistan Baş naziri Nikol Paşinyan seçkilərdə qalib gələrsə, verdiyi vədlərə əməl etməsə, Rusiya ilə birlikdə həm Türkiyə, həm də biz onlara təzyiq edəcəyik və bölgədə müharibə riski artacaq. Çünki bizim başqa tələblərimiz də var. Qarabağda hələ də əlisilahlı separatçılar var. Onlar tərk-silah olmalıdırlar. Həmçinin Laçın koridoru da bizim nəzarətimizdə olmalıdır. Kimlərsə oradan rahat keçməməlidir. Amma ermənilər təxribatlarını yenə də davam etdirirlər. Onlar anlamalıdırlar ki, bu addımlar bölgədə müharibə riskini artırır. Müharibə olmasa da, biz antiterror əməliyyatları ilə bu problemləri həll edə bilərik. Hesab edirəm ki, Ermənistan addım atmasa da, bölgədə antiterror əməliyyatları olacaq. Çünki dövlət başçısı qeyd etdi ki, biz Xankəndinə, Xocalıya qayıtmalıyıq. Yaxşı olar ki, bunlar danışıqlar yolu ilə həll olsun",- o bildirib.

Politoloq qeyd edib ki, ermənilər Zəngəzur üzərindən açılması planlaşdırılan dəmiryolu ilə bağlı hansısa təhlükə yaradarsa, bu, müharibə elanı olar:

"Əgər Zəngəzur üzərindən dəmiryolu açılsa, Ermənistan artıq geri addım ata bilməyəcək. Dəmiryolu açıldıqdan sonra bizə qarşı təxribat olarsa, bu, daha böyük fəlakətlərə səbəb ola bilər. Çünki dəmiryolu anında qapanacaq və müharibə başlayacaq. Dəmiryolu fəaliyyət göstərdikdən sonra qatarlara hansısa təhlükə yaransa, bu Türkiyə və Azərbaycana qarşı müharibə elanı demək olacaq".

Milli.Az