Azərbaycanda hamilə qadınlara bu dərmanlar pulsuz veriləcək - VİDEO

17 Aprel 2021 11:49

Araşdırmalar göstərir ki, hamilə qadınların iki nəfərdən birində dəmir-defisitli anemiya müşahidə olunur. Məhz bu səbəbdən beynəlxalq təcrübədə hamilə qadınlara dəmir və fol turşusu preparatı qəbul etmək tövsiyə olunur. Bunu nəzərə alaraq, ölkəmizdə hamilə qadınlara pulsuz fol turşusu və dəmir preparatları paylanılacaq. Bəs bu həbləri hardan və nə zaman əldə edə biləcəklər?

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, Azərbaycanda hamilə qadınlara pulsuz fol turşusu və dəmir preparatları veriləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə BMT-nin Uşaq Fondu arasında əməkdaşlıq çərçivəsində Azərbaycana dəmir və fol turşusu tərkibli 54 min qutu həb ianə edilib. UNICEF-in tövsiyəsinə uyğun olaraq, bu preparatlar yaxın günlərdə tibb müəssisələrinə paylanacaq. Çin istehsalı olan preparatları bütün ölkə üzrə hamilə qadınlar əldə edə biləcəklər. 

Mütəxəssislər qeyd edirlər ki, hamiləlik dövründə ananın və bətnindəki körpənin sağlamlığı üçün ananın orqanizmində kifayət qədər fol turşusu və dəmir olmalıdır. Çünki dəmir defisiti anemiyalara, fol turşusunun defisiti isə dölün sinir sisteminin formalaşmasında qüsurların yaranmasına gətirib çıxarır. 

Qeyd edək ki, gələn ildən hamiləlik dövründə müşahidə olunan dəmir və fol turşusu defisitinin profilaktikası məqsədi ilə bu preparatlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək. 

Mili.Az