"Sən hərbçi anasısan, mən tək sənin yox, Vətənin oğluyam..." - FOTO

16 Aprel 2021 21:45

Bu gün şəhid Əsəd Həsənovun doğum günüdür. Şəhidlər ölməz deyilir, 33 yaşı tamam olan Vətən müharibəsinin qəhrəmanı Əsəd də hər zaman xatirələrdə, qəlblərdə yaşayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Əsəd Həsənov 1988-ci il aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində dünyaya gəlib. Bu gün şəhidin 33 yaşı tamam olur. "Oğlum Hüseyn mənimlə həmişə fəxr etsin, çünki onun atası qəhrəman olacaq" deyə son vəsiyyətini yazan Əsəd şəhidlik zirvəsinə ucalaraq nəinki övladının, bütün Azərbaycanın fəxrinə çevrildi, tarix yazan qəhrəmanlarımızdan oldu.

Əsədin doğum günündə onun ailə üzvləri, Ağdam və İmişli rayonundan olan rəhbər şəxslər, şəhidin dostları iştirak ediblər. Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun şücaəti nəticəsində qazanılan qələbədən söhbət açıblar. Bildirilib ki, şəhidlərimizin qanı bahasına yazılan 44 günlük zəfər Azərbaycanın ən şanlı tarixidir. Əsəd və digər qəhrəmanlarımız torpaqlarımızı qanları və canları bahasına yağı düşməndən azad ediblər.

Oğlunun döyüş yolundan danışan atası Fərhad kişi bildirir ki, Əsəd çox peşəkar zabit idi. Artilleriyada qərargah rəisi olan Əsəd Ağdam rayonu istiqamətində döyüşüb: "Onun komandanlıq etdiyi artileriya düşmənin 3 batareyasını darmadağın edib. Hətta ona "topun snayperi" deyilirmiş. Əsədin dəqiq koordinatları sayəsində ermənilərin 5 zenit qurğusu da məhv edilib. Oktyabrın 1-də isə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb".

Şəhidin anası Mələk Həsənova oğlundan fəxrlə və qürurla danışır: "Əsəd cənnətdə ilk doğum gününü qeyd edir. Övlad itkisi ağır olsa da, onun torpaq uğrunda canını fəda etməsi bizim qürur yerimizdir. Uşaq yaşlarından məğrurluğu və qürurlu olması ilə seçilirdi. Mənə deyirdi ki, sən hərbçi anasısan, mən tək sənin yox, Vətənin oğluyam...".

Əmisi, keçmiş döyüşçü Nurəddin Həsənov deyir ki, Əsəd və digər qəhrəmanlarımız Azərbaycanın bütovlüyü uğrunda canlarını fəda etdilər. "Əsəd 14 yaşındaykən hərbçi olmağa qərar verəndə ona bu yolun həm çətin, həm də şərəfli olduğunu söylədim. O, bu şərəfli yolun ağırlığını hələ yeniyetmə çağlarında öz üzərinə götürdü. Torpağına bağlı bir övlad olaraq ömrünün 18 ilini Vətən keşiyində dayandı və şərəfli ömür yolunun son anında elə Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucaldı. Azərbaycan torpaqlarının bütövlüyü Ali Baş Komandanın rəhbərliyi və ordumuzun qəhrəmanlığı sayəsində təmin edildi. Hər birimiz bütöv Azərbaycanımızla qürur duyur və bu qələbəni bizlərə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik", - deyə o qeyd edib.

Şəhidin dostu, hərbi bloger Elgün Gəncimsoy Əsədin şir ürəkli döyüşçü olduğunu söyləyir. Hələ Tovuz hadisələri zamanı Əsədlə dost olan Elgün bildirir ki, Ağdam istiqamətindəki döyüşlərdə Əsəd 4 gün gecə-gündüz bilmədən öz artileriyası ilə düşmənə ağır zərbələr endirib: "Şəhid olmazdan bir gün öncə onunla görüşdük. Onun bir amalı vardı - torpaqlarımızı azad etmək. Gərgin döyüşlər belə onun Vətənə olan sevgisindən zərrə qədər belə qopara bilmədi. Əsəd demək olar ki, topun snayperi idi. Döyüşlərin ikinci günündə Əsədin tabeçiliyindəki topçular düşmənin birbaşa müşahidə məntəqəsini darmadağın etmişdi. O, ailəsinə nə qədər bağlı idisə, bir o qədərdə Vətəninə bağlı idi".

Qeyd edək ki, Əsəd Həsənovun 1 qız və 1 oğlan övladı yadigar qalıb.

O, ölümündən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az